2022-ci ilin “Young Lions” müsabiqəsinin ötən ildəkindən fərqi 2 qalib komandanın üzvləri, yəni 4 yaradıcı aslan Fransanın Kann şəhərinə getmək imkanı əldə edəcək.
Dünyanın ən prestijli yaradıcılıq festivallarından biri olan “Cannes Lions” Beynəlxalq Yaradıcılıq festivalının gənc reklam mütəxəssislərinə yönəlmiş mərhələsi “Young Lions” ikinci dəfə ölkəmizdə keçiriləcək. 1955-ci ildən bəri təşkil olunan bu müsabiqə 30 yaşadək (24 iyun, 1990 təvəllüd və ya daha sonra doğulanlar) yaradıcı şəxslərin ikili komanda şəklində qatılması üçün nəzərdə tutulub.
“Young Lions” yarışmalarında adətən print, rəqəmsal, film, dizayn, gənc marketoloqlar, media və ictimaiyyətlə əlaqələr olmaqla 7 kateqoriya üzrə işlər yarışdırılır. Azərbaycanda keçiriləcək builki “Young Lions” müsabiqəsində isə bunlardan yalnız print və film kateqoriyası üzrə müraciətlər formalaşdırılacaq.
Müsabiqədə qeydiyyatdan keçdikdən sonra göndəriləcək brifə əsasən print kateqoriyası üçün 24 saat, film üçün isə 72 saat ərzində fikri dolğun şəkildə izah edəcək işlər göndərilməlidir. Göndəriləcək çalışmalar beynəlxalq münsiflər tərəfindən dəyərləndiriləcək. Hər kateqoriyadan bir komanda olmaqla ümumi 2 komanda, yəni 4 reklamçı qalib müəyyənləşdiriləcək. Qalib komandanın üzvləri 16 may-7 iyun tarixlərində “Young Lions Competition”ın onlayn şəkildə keçiriləcək final mərhələsində çıxış etmək hüququ qazanacaq.
Gənc aslanları əvəzsiz fürsətlərlə təmin edən bu layihənin rəsmi sponsoru Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, dəstəkçisi isə Kreativ Azərbaycan Portalıdır.
Qeydiyyat üçün sayta keçid edin.
Young Lions Azerbaijan (canneslions.az)
“Young Lions Azerbaijan” bütün gənc reklamçıları bu fürsətdən faydalanmağa və “Cannes Lions” həyəcanına səsləyir!