Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Nissan" və "Honda" birləşir!
Son dövrlərdə maliyyə çətinlikləri ilə üzləşən "Nissan" çıxış yolunu "Honda" ilə birləşməkdə tapıb. Şirkətdən verilən rəsmi açıqlamaya görə, iki nəhəng avtomobil istehsalçısı birləşmə haqqında danışıqlara başlayıb. Birləşmədən sonra modellərin necə adlandırılacağı və hansı strategiyanın seçiləcəyi isə hələ dəqiq bilinmir.
“Rəqəmsal Hökumətin İnkişafı” İşçi qrupunun ilk iclası keçirilib
Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “Rəqəmsal Hökumətin İnkişafı” İşçi qrupunun 18 dekabr 2024-cü il tarixində ilk iclası baş tutub.
İclas Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) idarə heyətinin sədri İnarə Vəliyeva və İRİA-nın idarə heyəti sədrinin müavini Şahin Əliyevin rəhbərliyi ilə keçirilib. Bununla yanaşı, iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və bir sıra digər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.
İlk iclasda Azərbaycanın rəqəmsal hökumət infrastrukturunda mövcud boşluqların müəyyən edilməsi, inkişaf üçün əsas strategiyalar və konkret tədbir planlarının hazırlanması məsələləri müzakirə edilib. Bununla yanaşı, Azərbaycanın EHİİ reytinqini növbəti qiymətləndirmə dövrünə qədər əhəmiyyətli şəkildə yaxşılaşdırmaq məqsədilə fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün yekununda EHİİ indikatorları istiqamətləri üzrə fəaliyyət planının layihəsi hazırlanaraq ilkin olaraq razılaşdırılması üçün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinə təqdim olunması qərara alınmışdır.
Qeyd edək ki, yeni yaradılan İşçi qrupunun əsas məqsədi BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) Azərbaycanın mövqeyinin yaxşılaşdırılması üçün müvafiq meyarlar üzrə hazırlanmış fəaliyyət planının icrasını təmin etməkdir. Fəaliyyət planı əlaqədar dövlət qurumları ilə koordinasiyalı şəkildə icra ediləcək.
İşçi qrupu müntəzəm olaraq toplanacaq, irəliləyişləri qiymətləndirəcək, qarşıya çıxan çətinlikləri müzakirə edəcək və rəqəmsal idarəetmə təşəbbüslərinin uğurla həyata keçirilməsini təmin edəcək.
"Vivo"nun yeni kiçik ekranlı telefonu yolda!
"Vivo" daha kiçik ekranlı bir smartfon modeli üzərində işləməyə başlayıb. Bu cihazın 2025-ci ildə satışa çıxarılması gözlənilir. Yenilikçi model "MediaTek Dimensity 9300" prosessoru ilə təchiz olunacaq və böyük tutumlu batareya təqdim edəcək. Cihazın 50 MP əsas kamera və telefoto lens ilə iki arxa sensorla gələcəyi deyilir. Əsasən ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya və Avropa İttifaqı ölkələrində aktiv olan xüsusiyyət, hələlik Azərbaycanda əlçatan deyil.
"Apple Maps"in veb versiyası yeni xüsusiyyət əldə edib!
"Apple Maps" istifadəçilərin uzun zamandır gözlədiyi "Look Around" xüsusiyyətini veb versiyasında istifadəyə verib. Bu funksiya istifadəçilərə 360 dərəcə panoramik görüntülərlə küçələrdə 3D olaraq virtual gəzinti imkanı təqdim edir.
"Samsung Galaxy S25"in çıxış tarixi sızdırılıb
"Samsung"un gözlənilən yeni flaqman seriyası "Galaxy S25"in təqdimat tarixi sızdırılıb. İddialara görə, "Galaxy S25" seriyası 22 yanvar 2025-ci ildə keçiriləcək "Galaxy Unpacked" tədbirində təqdim ediləcək. Şirkət əvvəlki illərdə də "Galaxy S" seriyasını oxşar tarixlərdə təqdim etmişdi. Rəsmi açıqlama olmasa da, məlumatların doğruluq ehtimalı yüksəkdir.