Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"AirTag 2" nə vaxt gəlir?
"Apple"ın məşhur izləmə cihazı "AirTag"ın yeni versiyası haqqında məlumatlar ortaya çıxıb. Bloomberg yazarı Mark Qurmanın verdiyi məlumata görə, "AirTag 2" 2025-ci ilin ortalarında təqdim olunacaq. Yeni cihaz iPhone 15 və Apple Watch Ultra 2-də istifadə edilən ikinci nəsil ultra genişzolaqlı çip ilə təchiz ediləcək. Bunun sayəsində, mövcud AirTag-dan 3 dəfə daha uzun məsafədə (30-90 metr) izləmə imkanı yaradacaq.
"Apple" "Magic Mouse" dizaynını yeniləyir
"Apple" məşhur "Magic Mouse" modelini yenidən dizayn etməyə hazırlaşır. "Bloomberg" jurnalisti Mark Qurmanın verdiyi məlumata görə, yeni model köhnə istifadəçi şikayətlərini, xüsusilə də şarj portunun yerini nəzərə alaraq hazırlanır. Şirkət müasir dövrün tələblərinə daha uyğun olacaq prototiplər üzərində işləyir, lakin dizayn hələ də yekunlaşmayıb. Yeni "Magic Mouse"un 12-18 ay ərzində təqdim olunması gözlənilir.
"ChromeOS"a gözlənilən xüsusiyyət gəldi
"ChromeOS"un 131 nömrəli yeni versiyası ilə uzun zamandır gözlənilən bir yenilik istifadəyə verilib. Artıq “Təhlükəsiz sıfırlama” funksiyası vasitəsilə cihazdakı məlumatları silmədən sistem parametrlərini sıfırlamaq mümkündür.
“Redmi Note 14” seriyasının Avropa qiymətləri sızdırılıb
"Redmi Note 14" seriyasının Avropa qiymətləri məlum olub. “91Mobiles”ın verdiyi məlumata görə, “Note 14” 5G modelinin 8 GB RAM + 256 GB yaddaş seçimi Avropada təxminən 300 avroya satışa çıxacaq. Daha sərfəli bir 6 GB RAM variantının da təqdim olunması gözlənilsə də, bu barədə dəqiq məlumat yoxdur.
"Sony" şirkəti "Kadokawa Group"u satın alır
"Sony" oyun dünyasının məşhur studiyası "FromSoftware"in sahibi "Kadokawa Group"u satın almağı planlaşdırır. Şirkət bu barədə yayılan iddiaları təsdiqləyib, lakin danışıqların detallarını açıqlamayıb.