Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
iOS 18 beta yeniləməsi artıq həs kəs üçün əlçatandır!
"Apple" şirkəti iOS 18, macOS Sequoia və digər yeniləmələrin ictimai beta versiyasını təqdim etdi. iOS 18 beta versiyası iPhone istifadəçilərinə bir çox yeniliklər gətirir. İndi siz əsas ekranda istədiyiniz yerdə proqramlar yerləşdirə, habelə nişanlar və vidcetlərə ton tətbiq edə bilərsiniz.
iPhone-lara möhtəşəm bir xüsusiyyət gəlir!
"Apple"ın iOS 18 ilə birgə "Photos" tətbiqinə faydalı bir xüsusiyyət əlavə edəcəyi məlum olub. “Recovered” adlı yeni qovluq daha öncə silinmiş və ya hansısa şəkildə itmiş foto və videolara daxil olmaq imkanı verəcək.
Azərbaycanda bu il dövlət qurumlarının adına bənzər 24 saxta domen bloklanıb
Bu ilin I yarısında Azərbaycanda dövlət qurumlarının adına bənzər 24 saxta domen bloklanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azdır. Yanvar-iyun aylarında Azərbaycanda 41 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1 il əvvələ nisbətən 29 % azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 157 yeni subdomen də verilib ki, bu da illik müqayisədə 40 % çoxdur. Xatırladaq ki, 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb. Hesabat dövründə 186 saxta domen aşkarlanaraq bloklanıb.
"Huawei" üç dəfə qatlanan telefonunu təqdim etməyə hazırlaşır!
“Huawei” bu modeli satışa çıxarsa, dünyada bir ilk olacaq.
İddialara görə, "Huawei" yaxın iki ay ərzində üç dəfə qatlana bilən yeni nəsil smartfonunu elan edəcək. Bu yeni telefonun zamanla həm iPad, həm də digər mövcud qatlana bilən telefonları əvəz edəcəyi düşünülür.
"Gemini"də təhlükəsizlik problemi aşkarlanıb
Məlum olub ki, "Google"un süni intellekti "Gemini" istifadəçi icazəsi olmadan "Drive"a yüklənmiş PDF fayllarını oxuya bilir.
Süni intellekt üzrə məsləhətçi Kevin Bankston "Google Docs"da vergi bəyannaməsini nəzərdən keçirərkən "Gemini"nin avtomatik olaraq sənədin xülasəsini yazdığını müəyyən edib. Bankston "Gemini"nin "Drive"da PDF-ləri oxumasının qarşısını almaq üçün parametrlərdə düzəliş etmək istəsə də, buna nail ola bilməyib.
Bankston iddia edir ki, bu vəziyyət böyük təhlükəsizlik problemlərinə səbəb ola bilər. Ancaq araşdırmalarında bu vəziyyətin yalnız "Gemini" aktivləşdirildikdə meydana gəldiyini də bildirib.
Bununla belə, "Google"dan mövzu ilə bağlı heç bir açıqlama verilməyib.