Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Hyundai" ilk elektrikli minivan modelini hazırlayır
"Hyundai" tamamilə elektrikli minivan modeli üzərində işləməyə başladığını rəsmi olaraq elan edib. Şirkət 2025-ci ildə "Staria Electric" adlı yeni modelini təqdim etməyi planlaşdırır. 84 kWh EV batareyası ilə təchiz olunacaq bu modelin, ildə 15-20 min ədəd satılması gözlənilir. Şirkət 2030-cu ilə qədər ümumilikdə 21 elektrikli avtomobil modeli təqdim etməyi hədəfləyir.
"Vivo X200 Ultra"nın təqdimat tarixi məlum oldu
"Vivo"nun uzun müddətdir üzərində işlədiyi "vivo X200 Ultra"nın təqdimat tarixi sızdırılıb. Verilən məlumata görə, "Snapdragon 8 Elite" prosessoru ilə təchiz olunacaq cihazın təqdimatı 2025-ci ilin mart və ya aprel ayında baş tuta bilər. Ötən il may ayında təqdim olunan "X100 Ultra" modelindən fərqli olaraq, "X200 Ultra"nın daha erkən təqdim olunması gözlənilir.
"Apple" 4 trilyon dollar dəyərə yaxınlaşır!
"Apple" 2024-cü ildə 3,92 trilyon dollar dəyərə çataraq, 4 trilyon dollar həddini keçməyə hazırlaşır. Bu tarixi dəyərin əsas səbəblərindən biri şirkətin süni intellekt sahəsindəki yenilikçi addımlarıdır. "Microsoft" və "Nvidia" kimi rəqiblər də süni intellektdən faydalanır, lakin Apple-ın həm proqram təminatı, həm də cihaz istehsalını idarə etmə qabiliyyəti onu bir addım öndə saxlayır.
"Nvidia RTX 5080" yüksək qiyməti ilə diqqət çəkib
"Nvidia"nın yeni nəsil "GeForce RTX 50" seriyası əvvəlki modellərə nisbətən daha yüksək qiymətləri ilə istifadəçiləri narahat edə bilər. Avstraliya mağazalarından birində "ASUS DUAL RTX 5080" modelinin qiyməti 1587 dollar olaraq siyahıya düşüb ki, bu da "RTX 4080"in 1199 dollarlıq başlanğıc qiymətindən 300 dollar bahadır.
"Gemini"a yeni məzmun filtrləmə sistemi gəlir
"Google" "Gemini" üçün yeni bir məzmun filtrləmə xüsusiyyəti üzərində işləyir. Android beta versiyasının "15.51.24.sa.arm64" kodunda aşkar edilən bu xüsusiyyət, "Gemini" tərəfindən yaradılan cavablara daha çox nəzarət imkanı təqdim edə bilər.