Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Sega" oyunlar üçün abunəlik platforması açmağı planlaşdırır
"Sega" "Netflix"ə bənzər oyun abunəlik xidməti açmağı nəzərdən keçirir. Şirkət prezidenti Shuji Utsumi bu modelin maraqlı olduğunu, lakin detallar haqqında geniş məlumat verə bilməyəcəyini qeyd edib. "Sega" belə bir sistem yaradarsa, oyunçular birbaşa "Sega" platformasına üz tutaraq oyunlara çıxış əldə edə bilərlər.
"Redmi Turbo 4" seriyası nə vaxt təqdim ediləcək?
"Xiaomi" yeni "Redmi Turbo 4" seriyasını 2 yanvar 2025-də rəsmi olaraq təqdim edəcəyini açıqlayıb. Seriya "Redmi Turbo 4" və "Redmi Turbo 4 Pro" modellərini əhatə edəcək və Pro model 7.500 mAh batareya ilə seçiləcək. "Redmi Turbo 4 Pro"nun qlobal bazara "Poco F7" adı ilə çıxacağı, lakin 7.000 mAh batareyaya sahib olacağı bildirilib. Yeni cihazların MediaTek Dimensity 8400 Ultra prosessoru ilə təchiz ediləcəyi gözlənilir.
"Volkswagen" 35 min nəfəri işdən çıxaracaq
"Volkswagen" maliyyətləri azaltmaq məqsədilə 2030-cu ilə qədər Almaniyada 35 min nəfəri işdən çıxaracağını açıqlayıb. Bu qərar aylardır davam edən müzakirələrin nəticəsində qəbul edilib.
"Nissan"ın keçmiş CEO-su "Honda" ilə birləşməkdən narazı qalıb
"Nissan" və "Honda" şirkətlərinin birləşmə müzakirələri başladıqdan sonra "Nissan"ın keçmiş baş icraçı direktoru Carlos Ghosn narahatlığını ifadə edib. O, "Nissan"ın bu müqavilədə zəif tərəf olacağını və birləşmə sonrası hər hansı xərclərin azaldılması halında daha çox təsirə məruz qalacağını bildirib. Ghosn 19 il ərzində rəhbərlik etdiyi "Nissan"ın idarəetməni "Honda"ya verməsinin kədərləndirici olduğunu qeyd edib.
"Tesla" elektromobillərin şarj müddətini dörd dəfə azaldır
"Tesla" elektrikli avtomobillərin şarj müddətini azaltmaq və soyuq iqlimlərdə yaranan problemləri həll etmək üçün yeni texnologiya təqdim edib. Bu texnologiya "Supercharger V3" və "V4" stansiyalarında tətbiq edilərək akkumulyator hüceyrələrinin istiliyini artırmağa kömək edir. Şirkətin məlumatına görə, LFP akkumulyatorlu "Model 3" və "Model Y" avtomobillərinin şarj müddəti dörd dəfə sürətlənə bilər.