Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Ölkəmizdə “Divida Angel Club”ın açılış mərasimi keçirilib
Aprelin 9-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə ölkəmizdə üçüncü mələk investor klubu olan “Divida Angel Club”ın açılış mərasimi baş tutdu. Tədbirdə IDDA, KOBSKA, yerli tanınmış investorlar, media nümayəndələri, startap təsisçiləri və digər ekosistem oyunçuları iştirak ediblər.
Tədbirdə klubun təsisçisi və baş meneceri Mübariz Şahbazlı "Divida Angel Club"ın fəaliyyəti haqqında ətraflı məlumat verib. O, klubun potensial mələk investorlarına investisiya imkanları, investorlara hüquqi məsləhət və digər inzibati dəstək, təlim, inkubasiya və akselerasiya proqramları ilə tanışlıq, şəbəkələşmə imkanları daxil olmaqla bir neçə istiqamətdə dəstək verdiyini bildirib.
O, həmçinin qeyd etdi ki, "Divida Angel Club"ın fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayacaq. Bu klub həm də regional səviyyədə mələk investorları təşviq etmək məqsədi daşıyır. “Fəaliyyətimizdə Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələrindən olan investorları da startaplarımıza investisiya qoymağa təşviq edəcəyik”.
Qırğızıstanda “TikTok” qismən məhdudlaşdırılıb
“TikTok” sosial şəbəkəsi Qırğızıstanda fəaliyyətini qismən dayandırıb. “TikTok”a həm mobil cihazlardan, həm də kompüterlərdən daxil olmaq, demək olar ki, mümkün deyil. Bu sosial şəbəkədən videolar hələ də vaxtaşırı endirilsə də, bunun üçün təxminən 5-10 dəqiqə vaxt tələb olunur.
Xatırladaq ki, bir neçə gün öncə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi (MTK) Rəqəmsal İnkişaf Nazirliyinə məktub göndərərək aprelin 18-dək ölkədə “TikTok”a girişin məhdudlaşdırılmasını tələb edib.
Logitech "ChatGPT düyməli" siçanını elan edib
“Logitech” tərəfindən edilən açıqlamaya görə, şirkət süni intellekti təkcə klaviaturalara deyil, eyni zamanda siçanlara da gətirəcək. Belə ki, şirkət “Logi AI Prompt Builder” adlı funksiyanı təqdim edib. Şirkət qeyd edib ki, gələcəkdə süni intellekt üçün xüsusi düyməyə malik olan ən azı bir siçan satışa çıxaracaq.
"Kapital Bank"ın istiqrazlarına 104 investor maraq göstərib
17 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında “Kapital Bank” ASC-nin ümumi dəyəri 35 milyon ABŞ dolları həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının hər birinin tədavül müddəti 7 il , nominal dəyəri 100 ABŞ dolları olan istiqrazların yerləşdirilməsi yekunlaşıb. Birjanın yaydığı məlumata görə, yerləşdirmə zamanı 104 investor tərəfindən 104 sifariş təqdim edilib.
Elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
Azərbaycana idxal edilən daxiliyanma mühərrikli motosikllər və elektrik mühərrikli velosipedlər mayın 17-dən gömrük rüsumuna cəlb ediləcək. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Bu qərarla Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.
Qərara əsasən, mühərrikinin silindrlərinin işçi həcmi 50 sm3 -dən çox olmayan porşenli daxiliyanma mühərrikli motosikllər (konstruksiyası ilə (və ya texniki göstəriciləri ilə) müəyyən olunan maksimal sürəti saatda 50 km-dən çox olan və digərləri) üçün idxal gömrük rüsumu 15 % səviyyəsində müəyyən olunub.
Konstruksiyası ilə (və ya texniki göstəriciləri ilə) müəyyən olunan maksimal sürəti saatda 50 km-dən çox olan elektrik mühərrikli velosipedlər və digərləri 15 % idxal gömrük rüsumuna cəlb ediləcək.