Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
DİN kiberdələduzluqla bağlı xəbərdarlıq edib
“Kiberdələduzların qurbanlarına çevrilməmək üçün tanımadığınız şəxsdən gələn şübhəli məktubları və linkləri açmayın”.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) paylaşdığı videoçarxda bildirilib. Xəbərdarlıqda qeyd olunub ki, hədiyyə qazandınız kimi anidən gələn mesajlara inanmayın. Bütün hesablarınız üçün eyni paroldan istifadə etməyin. Şəxsi və bank kartı ilə bağlı informasiyalarınızı heç kimlə bölüşməyin. Açıq mənbələrdə şəxsi məlumatlarınızı yaymayın.
İrəlidə "Apple" kameralarını özü inkişaf etdirəcək
Şirkət daxilindən gələn son məlumata görə, "Apple" öz kamera sensorlarını inkişaf etdirməyi düşünür. Bu sensorların istehsalı üçün başqa bir şirkətdən və ya şirkətlərdən kömək alacağı bildirilib. Buna baxmayaraq, əsas dizaynı özü etmək istəyən texnologiya nəhəngi bu mövzuda əhəmiyyətli işlər görür. “Apple” üçün “Sony”dən daha yaxşı sensorlar hazırlamaq asan olmayacaq. Şirkət irəlidə prosesi sürətləndirmək üçün "Sony" və ya "Samsung"un kamera sensorları istehsal edən bölməsində işləmiş təcrübəli şəxsləri işə götürə bilər.
"Instagram" Reels videolarını yükləmək artıq mümkün olacaq
"Instagram" əvvəllər yalnız müəyyən ölkələrdə Reels videolarını yükləmək imkanı təklif edirdi. Yenilik ilə birgə, "Instagram" Reels videolarını yükləmək artıq mümkün olacaq. Platformanın rəhbəri Adam Mosserinin dünən verdiyi açıqlamaya görə, hər kəs üçün əlçatan olacaq bu fürsət yalnız açıq hesablardan gələn paylaşımları əhatə edəcək. İstəyənlər öz Reels videolarının başqaları tərəfindən endirilməsini söndürə biləcəklər.
Daim taxıla bilən simsiz stetoskoplar hazırlanır
Bədən daxilində yaranan səsləri daim dinləyə bilmək üçün simsiz stetoskop hazırlanır. Bu yeni nəsil stetoskoplar iki həssas mikrofon, yaddaş çipi, kiçik batareya və simsiz məlumat ötürülməsi üçün bluetooth infrastrukturunu özündə cəmləşdirir. Həmçinin daxili səsləri içəriyə baxan mikrofonla, xarici səsləri isə çölə baxan mikrofonla aşkar edir. Cihazın məqsədi xəstənin ürək döyüntülərini, ağciyərlərdəki hava axınını davamlı olaraq dinləmək və qeyd etməkdən ibarətdir.
Elon Musk-ın yeni AI aləti "Grok" "X"də mövcud olacaq
Elon Musk-ın təsis etdiyi “xAI” şirkəti son həftələrdə “ChatGPT” rəqibi olan “Grok” adlı çatbotunu istifadəyə vermişdi. Yeni süni intellekt sistemi "Grok" birbaşa "X" üçün də əlçatan olacaq. “Grok” hazırda yalnız kiçik miqyasda sınaqdan keçirilir. Elon Musk-ın dünən verdiyi açıqlamaya görə, sistem gələn həftədən etibarən bütün "X Premium+" abunəçiləri üçün aktivləşəcək.
"Google Bard" indi "YouTube" videolarına baxa və ümumiləşdirə bilər
"Google"un açıqlamasına görə, "Bard" artıq "YouTube" videolarındakı məzmunu birbaşa anlaya bilər. İstifadəçilər "Bard"a videoda baş verənlərlə bağlı ətraflı suallar verib cavab ala biləcəklər. Məsələn, vaxtınız olmayanda süni intellektdən videonu ümumiləşdirməsini istəyə bilərsiniz. "Bard"ın bu yeni xüsusiyyəti "YouTube" videolarına ayırdığımız vaxtı tamamilə dəyişə bilər.