Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
“ChatGPT” bu dəfə bacardı: Almaniyada orta məktəb imtahanından keçdi!
Passau Universitetinin alimləri “ChatGPT”nin yeni versiyalarını Bavarian Abitur sınağından keçiriblər. (Bavariya Abitur orta məktəbə qəbul imtahanlarımıza bənzəyən bir imtahandır, lakin tələbələr tərəfindən orta məktəbi bitirmək üçün verilir.) Tədqiqatda iştirak edən 100-dən çox pedaqoq həm tələbələrin, həm də "ChatGPT"nin sənədlərini qiymətləndirib. Çatbotun göstərdiyi nəticə isə birinci yerdə qərarlaşıb. Müəllimlərin sözlərinə görə, tələbələrin qiymətləri aşağı deyil, lakin “ChatGPT” son dərəcə uğurlu olub.
İnarə Vəliyeva sədr təyin edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsini müvəqqəti icra edən İnarə Vəliyeva sədr vəzifəsinə təsdiqlənib. "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı nazir Rəşad Nəbiyev əmr imzalayıb. Xatırladaq ki, İnarə Vəliyeva 2021-ci ilin oktyabr ayından Agentliyə rəhbərlik edir.
"Google Chrome"a yeni süni intellekt xüsusiyyəti gəlir
Hazırda "Google Chrome" üçün sınaq mərhələsində olan yeni “Tabları təşkil et” xüsusiyyəti süni intellekt dəstəyilə işləyəcək. “X”də əvvəlcədən paylaşdığı sızıntı məlumatlar ilə məşhur olan "Leopeva64"ün qeyd etdiyi kimi, açılan “tab”ları təşkil etmək üçün bu funksiyaya kliklədiyiniz zaman prosesin baş verdiyini göstərən animasiya işə düşür. Qısa vaxt ərzində baş verən bu prosesdə süni intellekt yığılan bütün tabları müəyyən kateqoriyalara görə qruplaşdıra bilir.
Bu ilin xülasəsini təqdim edən Apple Music Replay 2023 buraxıldı
Geridə qoymağa hazırlaşdığımız bu ildə musiqi vərdişlərinizi ümumiləşdirən Apple Music Replay 2023 yayımlandı. Apple Music abunəçiləri hazırda Apple Music Replay 2023 xülasələrinə baxa bilərlər. Bu səhifələr istifadəçilərə 2023-cü ili yekunlaşdırarkən onların ən çox dinlədikləri mahnıları, albomları, ifaçıları və daha çoxunu göstərir. Bu sahədə ən böyük rəqib və lider olan "Spotify"ın 2023-cü il xülasəsi də tezliklə çıxacaq.
Apple Vision Pro üçün yeni məlumatlar ortaya çıxıb
Bildirilib ki, "Apple Vision Pro" ilk mərhələdə 400 min ədəd ümumi ehtiyatla satışa təqdim edilə bilər. İddialara görə "Apple" 2024-cü ili cəmi 1 milyona yaxın Vision Pro istehsalı və təslimatı ilə bağlamağı hədəfləyir. Bu rəqəmlər məhsulun qiymətinin baha olmasına baxmayaraq çox aşağı görünür, cihaza artıq çox yüksək tələbat var. Mark Qurmanın son iddiasına görə, Vision Pro 2024-cü ilin mart ayında satışa çıxarılacaq.