Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Aztelekom" Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur
"Aztelekom" MMC işğaldan azad edilmiş ərazilərdə rabitə və rəqəmsal imkanları artırmaq üçün əsas internet infrastrukturunu istifadəyə verib. Şirkət Xankəndi və Xocalı ərazilərində internet magistral xəttinin və genişzolaqlı internet şəbəkəsinin təmin edildiyini açıqlayıb. "Aztelekom" MMC işğaldan azad edilmiş torpaqlarda rabitə və rəqəmsal imkanların artırılması üçün tikintinin növbəti mərhələsinə keçməyə tam hazır olduğunu da bəyan edib.
"Pokemon"lar Van Gogh müzeyində!
“Pikachu”, “Eevee”, “Snorlax” kimi bir çox "Pokemon" personajları Van Gogh muzeyindədir. Pokemon və Van Gogh muzeyi arasında əməkdaşlıq 1973-cü ildə açılmış muzeyin 50 illik yubileyi məqsədilə baş tutub. Əməkdaşlığın ən mühüm hissəsi təlim fəaliyyətləridir. Burada Yapon incəsənəti və mədəniyyətinə əsaslanan müxtəlif təlimlər təşkil olunub. Pokemon və Van Gogh muzeyi arasındakı əməkdaşlıq 7 yanvar 2024-cü ilə qədər davam edəcək.
"X" şirkəti adını dəyişməsi ilə bağlı məhkəməyə verilib
“Twitter”in "X" olaraq adını dəyişməsinin onların markasına zərər verdiyini ifadə edən "X Sosial Media" da bu səbəbdən Google nəticələrində geri qaldıqlarını bildirib. 2016-cı ildən “X” loqotipindən istifadə etdiklərini bildirən şirkət, məhkəmədən "X"in reklam və marketinq materiallarında “X” hərfindən istifadə etməsinin dayandırılmasını və istehlakçının yaratdığı çaşqınlığın aradan qaldırılmasını istəyir və təzminat tələb edir.
Azərbaycan Ay və Marsın tədqiqi ilə məşğul olacaq
2030-cu ilə qədər Azərbaycan kosmik sahədə tədqiqatları dərinləşdirəcək, Ay və Marsın tədqiqi, eləcə də planetlərarası tədqiqatla məşğul olacaq. Bu barədə Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutmuş sessiyada "Azərkosmos"un idarə heyətinin sədri Saməddin Əsədov bildirib. O sözlərinə əlavə edib ki, son 10 ildə Azərbaycan kosmik tədqiqatlara 600 milyon ABŞ dolları investisiya yatırıb.
“Azərsky 2” peyki ilə bağlı detallar məlum olub
"Israel Aerospace Industry" şirkətinin gələn il orbitə çıxaracağı “Azersky-2” müşahidə peyki 200 kiloqram ağırlığa malikdir. “Azersky 2” Azərbaycanın sayca 4-cü peyki olacaq. Bu peyk ilə 600 km hündürlükdən uzunluğu 9 km-ə, eni isə 6 km-ə qədər fotolar çəkmək mümkündür. "Azersky-2" ilə bağlı qarşıdakı günlərdə rəsmi açıqlama olacaq. Peykin fəaliyyəti 7 il davam edəcək.
"Spotify" süni intellektlə pleylistlərin yaradılması funksiyasını sınaqdan keçirir
Spotify bu yaxınlarda platformaya süni intellekt xüsusiyyətləri əlavə etməyə başladı. Süni intellektli DJ-dən sonra pleylistlər növbədədir. İddialara görə, süni intellektin köməyi ilə yeni mahnılar kəşf etmək və pleylistlər yarada bilmək mümkün olacaq. Belə ki, mətn əmrlərini (promptları) daxil etməklə siz yeni mahnılar kəşf edə biləcəksiniz.
“TikTok” reklamsız abunə planını sınaqdan keçirir
Bu yaxınlarda bir çox video məzmun platforması reklamlı və reklamsız abunəlik təklif etməyə başladı. Bildirilib ki, “TikTok” da reklamsız abunə planı üzərində işləməyə davam edir. Platforma aylıq reklamsız abunəlik təklif etməyə hazırlaşır. Qeyd edək ki, “TikTok” hazırda bu funksiyanı yalnız ABŞ-da sınaqdan keçirir. Test mərhələsində olan xüsusiyyətin 4,99 dollar olacağı bildirilib.