Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Vincent van Gogh və Frida Kahlo müştərilərin öhdəsindən necə gələrdilər?
AICP təqdimat filmlərində "məşhur rəssamlar müştərilərin absurd tələblərinə necə reaksiya verərdilər?" sualına cavab axtarır. Bu problemə diqqət çəkmək üçün hazırlanan maarifləndirici reklam filmlərində Vincent van Gogh, Frida Kahlo kimi sənət dahilərinin belə reklam sahəsində şübhə ilə qarşılanacağı izah olunub.
Apple Watch “Lifesaver” funksiyası gəlir
"Apple" hovuzlarda boğulma riski barədə xəbərdarlıq edəcək yeni Apple Watch funksiyası üzərində işləyir. Bu xüsusiyyət "rəqəmsal hovuz xidmətçisi" (xilasedici) adlı patentdə qeyd olunub. Bu funksiya istifadəçilərə hovuzun dərin hissəsinə getdikləri təqdirdə xəbərdarlıq edə biləcək.
Apple yeni bir layihə üzərində işləyir
Apple-ın uzun müddətdir "Apple Car" adlandırdığımız, lakin şirkətdə "Project Titan" adı ilə tanınan elektrik avtomobili üzərində çalışdığını bildirdik. Lakin bir müddət əvvəl bu layihənin ləğv olunduğu və şirkətin bu şöbədəki əməkdaşlarını süni intellekt şöbəsinə köçürdüyü açıqlanmışdı.
Şirkətin elektrikli avtomobil layihəsindən imtina etdikdən sonra yeni bir layihə ilə bazara girəcəyi danışılmağa başlayıb. Bloomberg-in məlumatına görə, Apple-da çalışan mühəndislər ev robotu adlanacaq yeni layihə üzərində işləyirlər. Qeyd edək ki, “Apple” hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Bambukdan hazırlanan elektrikli velosiped təqdim olunub
Dünyanın ən yüngül elektrikli velosipedi olaraq adlandırılan “Diodra S3” rəsmi olaraq təqdim edilib. 15 kq ağırlığında olan məhsulun əsasən bambukdan hazırlandığı qeyd olunub. Beləliklə, elektrikli velosipedin rəqiblərinə nisbətən çox daha davamlı və ekoloji cəhətdən təmiz bir gediş təmin etdiyi, eyni zamanda yüngül və güclü olduğu iddia edilib.
Avropa Birliyi qaydalarına uyğun olaraq 250 Vatt ilə məhdudlaşdırılan mühərrik gücünə malik Diodra S3 saatda 25 km sürətə çata bilir. Velosipeddə həmçinin xüsusi fırlanma sensoru və elektron sürət dəyişdirmə funksiyası var.
300 Wh batareya tutumu ilə məhsul ən aşağı güc səviyyəsində təxminən 100 km məsafə qət edə bilir. Diodra S3 artıq Avropa bazarında 2399 dollar qiymət etiketi ilə ilkin sifariş üçün mövcuddur.
"Renault" və "Volvo" birgə yeni şirkət qurub
Renault və Volvo rəsmi olaraq Flexis brendini elan ediblər. İki şirkətin birgə müəssisəsi elektrik furqonları istehsal edəcək. Renault CEO-su Luca de Meo-nun verdiyi açıqlamaya görə, Flexis "ticarət vasitələrinin Teslası" olmağa hazırlaşır. Qeyd edək ki, Flexis-in ilk istehsalı Renault-nun Fransadakı fabrikində başlayacaq.
Renault və Volvo 300 milyon avro investisiya ilə Flexis-in 90 faizinə sahib olacaqlar. Nəqliyyat şirkəti CMA CGM Group yüzdə 10-u idarə edəcək.