Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
“Turkcell”də sadəcə 10 gün CEO oldu
Turkcell-in baş direktoru vəzifəsini icra edən Murat Erkan tutduğu vəzifədən bir müddət əvvəl ayrılmışdı. Bu yaxınlarda Turkcell-in yeni baş direktoru Bülent Aksu olmuşdu. İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) dərc olunan məlumata görə, Bülent Aksunun baş direktor vəzifəsi 10 gündən sonra (25 sentyabr) başa çatıb.
“BMW” elektrikli velosipedini təqdim etdi: MINI E-Bike 1
BMW velosiped bazarına çıxmaq üçün Fransanın velosiped istehsalçısı Angell Mobility ilə əməkdaşlıq edib. Bu model Angell Mobility-nin dəstəyi ilə şəhərdə gündəlik istifadə üçün xüsusi olaraq hazırlanıb. Arxasında 250 vatt elektrik mühərriki olan velosiped pedal dəstəyi ilə 25 km/saat sürət yığa bilir. Şirkətin rəsmi saytında əvvəlcədən sifariş verilə bilən velosipedin elan edildiyi qiyməti 3490 avro təşkil edir.
“iPhone 15” satışları rekord qırıb
iPhone 15 seriyası Çində satış rekordu qırıb. Çinin ən böyük e-ticarət şirkətlərindən biri olan “JD.com”un məlumatına görə, iPhone 15 seriyası satış rekordu qıraraq, keçən ilki iPhone seriyasını geridə qoyub. 4 mindən çox Apple satıcısı olan e-ticarət tətbiqi yeni seriyanın bu rekordu ilk 2 saat ərzində əldə etdiyini bildirib. Hesabat həmçinin Çinin kiçik şəhərlərindən gələn sifarişlərin 600 % artdığını göstərib.
“X-də paylaş” düyməsi "Threads" proqramından silinib
“X-də paylaş” düyməsinin Threads-dən silindiyi məlum olub. Bu, istifadəçilərin Threads-də etdiyi paylaşımı "X"də də etməsinə mane olub. Meta bu məsələ ilə bağlı açıqlama verməyib. Tətbiqin tərtibatçılarından biri Threads istifadəçisinin müşahidə etdiyi vəziyyətə cavab verib. O, açıqlamasında bildirib: "Az istifadə edilməsi səbəbiylə X-də paylaş seçimini çıxardıq".
“Samsung Galaxy A55”in xüsusiyyətləri sızdı
Tezliklə təqdim olunması gözlənilən Samsung Galaxy A55-in xüsusiyyətləri məlum olub. Galaxy Club-da yer alan xəbərə görə, Samsung hazırda S5E8845 model nömrəli prosessoru sınaqdan keçirir. Telefonun Exynos 1480 prosessoruna sahib olacağı iddia edilib. Yeni modelin arxa tərəfində 50 meqapiksellik əsas kamera olacağı iddia edilib. Telefonun digər kameraları haqqında hələ ki, məlumat yoxdur.