ABŞ-ın Kaliforniya ştatında robot taksilər yolu bağlayıb.
Çərşənbə axşamı gecəsi San-Fransisko şəhərində baş verən hadisədə avtomobil nəhəngi “General Motors” tərəfindən hazırlanan “Cruise” model robot taksilər yolun iki zolağının da bağlanmasına səbəb olub.
Reddit istifadəçisinin paylaşdığı şəkillərdə Gough Street ilə Fulton küçəsinin kəsişməsində ən azı 6 avtomobilin yolda zolaqları kəsdiyi görünür.
Şirkətdən verilən açıqlamada nəqliyyat vasitələrin birlikdə qəfil dayanmasına səbəb olan xətanın aşkar edildiyi, problemin aradan qaldırıldığı və hadisə nəticəsində heç kimin zərər görmədiyi bildirilib və nasazlıqdan dolayı zərər çəkmiş vətəndaşlardan üzr istəyib.
Daha sonra səlahiyyətlilər hadisə yerinə gələrək maşınları əllə idarə edərək yoldan çıxarıblar.
Görüntülər distopik elmi fantastika hekayələrini də yada saldı.
Yazıya münasibət bildirən Reddit istifadəçilərindən biri “Yox, onlar öz aralarında hiylə qururlar”, digəri isə “Hər şey belə başlayır” yazıb.
Başqa bir istifadəçi bu yaxınlarda ABŞ-da Starbucks və Amazon-da işçilərin təşkilatlanmasına istinad edərək, "Onlar birləşirlər" deyib.
Robot taksilər ilk dəfə noyabrda təqdim edilib və fevralda xidmətə başlayıb.
“Cruise” robot taksiləri də aprel ayında qəribə görüntülərə səbəb olmuşdular.
San-Fransisko Polis Departamentinin əməkdaşları robot taksilərdən birinin farasının xarab olduğunu əsas gətirərək maşını kənara çəkib, lakin taksi daha sonra sürətlə polisdən uzaqlaşıb.