Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Apple" "Safari" üçün məxfiliyə yönəlmiş reklam yayımladı
"Apple" bu gün milyonlarla istifadəçisi olan "Safari" brauzeri üçün məxfiliyə yönəlmiş maraqlı bir reklam yayımladı. Bu yeni reklam çarxı "Safari" brauzerinin rəqiblərindən fərqli olaraq istifadəçilərin hərəkətlərini izləmədiyini vurğulayır.
"Samsung" telefon çatdırılmasını dron ilə etdi
"Samsung" keçən həftə "Unpacked" tədbirində "Galaxy Z Fold 6" və "Z Flip6" modellərini elan etdi. İndi bu cihazların çatdırılması "Samsung" tərəfindən Koreyanın müəyyən bir bölgəsində dron vasitəsilə həyata keçirilib. Hələlik Jeju adasının yaxınlığındakı ərazilərə və sahilyanı Yeosu və Tongyeong şəhərlərinə çatdırılmalar iyulun 19-dan başlayacaq.
Azərbaycanda 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin 6 ayı ərzində Azərbaycanda 0,8 milyon ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb.
Bildirilir ki, ümumilikdə ölkədə 2,7 milyon təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin olunub. Artıq ölkənin 30 rayonunda 90 %-dən çox, 23 rayonunda 70-90 % arası və digərlərində isə 65 %-ə qədər təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilib.
Layihə müddətində ölkədə genişzolaqlı internetə çıxış imkanı əldə etmiş ev təsərrüfatı və biznes subyektlərinin sayı 12 dəfə artaraq 9 %-dən 92 %-ə yüksəlib. Bu ilin ilk 6 ayı ərzində 2020-ci illə müqayisədə 5 dəfə çox təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilib və toplam əhatə 26 % artıb.
Sözügedən layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.
Instagram Reels üçün yeniləmə gəlir
"Instagram" üçün elan edilən yeni funksiya Reels videoları üçün nəzərdə tutulub. Daha əvvəl Reels məzmun yaradıcıları üçün məhdud səs redaktə imkanları təklif edən "Instagram" ən son yeniləməsi ilə bu məhdudiyyətləri aradan qaldırır və eyni anda 20 fərqli səs əlavə etməyə imkan verir.
29 gənc dünyanın TOP universitetlərinə təqaüd haqqı qazanıb
16 iyul tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” təqaüd proqramı və ROOF Academic Training-in birgə həyata keçirdiyi “Talant” təqaüd layihəsinin bağlanış mərasimi baş tutub. Bir sıra özəl və dövlət qurumunun nümayəndələrinin iştirak etdiyi tədbirdə dünya üzrə yüksək reytinqli universitetlərə təqaüd qazanan gənclər təltif olunub.
Proqram çərçivəsində müraciət edən gənclər arasından 5 mərhələdən ibarət seçim prosesi nəticəsində 30 tələbə seçilib və bu tələbələr dünyanın yüksək reytinqli universitetlərinə hazırlaşmaq və müraciət etmək üçün lazım olan bütün xidmətlərlə təmin edilib. Bu tələbələrdən 29-u dünyanın nüfuzlu universitetlərində təqaüd qazanıblar. Bu universitetlər siyahısında Çikaqo Universiteti, Con Hopkins Universiteti, KAİST, Harvard kimi nüfuzlu universitetlər yer alır.
Qeyd edək ki, proqram yüksək akademik potensialı olan və aztəminatlı ailələrdən olan gənclərin dünya üzrə yüksək reytinqli universitetlərə müraciət etmələrinə dəstək olmaq üçün nəzərdə tutulub. Proqram universitetlərə hazırlıq və müraciət prosesi üçün lazım olan xərcləri əhatə edir.
SOCAR "Azər-Türk Bank"ın səhmlərinin 51 %-ni almaq istəyir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azər-Türk Bank” ASC-nin əsas səhmdarı olmaq niyyətindədir. 16 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.
SOCAR-dan Marja-ya verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə “Hasilat və İşlənmə” biznes seqmenti üzrə görülmüş işlərə, əldə olunan nəticələrə və bu istiqamətdə atılacaq addımlara dair təqdimat edilib.
Daha sonra iclasda SOCAR-ın “Yeni Əməliyyat Modeli”nin icrasının hazırkı vəziyyətinə dair təqdimat dinlənilib. SOCAR-ın idarəetmə strukturunun təkmilləşdirilməsi və insan kapitalının inkişaf etdirilməsi istiqamətlərində görülən işlərin önəmi qeyd olunub.
Görüşdə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 51%-nin əldə edilməsi və bununla bağlı növbəti addımlara dair təqdimat edilib, həmçinin gündəlikdə duran digər məsələlər nəzərdən keçirilib.