Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Tesla" ikinci rübün mənfəət hesabatını açıqlayıb
Şirkət ümumilikdə 1,48 milyard dollar xalis gəlir əldə edib. Ötən illə müqayisədə gəlirdə 2 % artım müşahidə olunub. Bu rübdə "Tesla" təqribən 411 min avtomobil istehsal etdiyini və 444 min avtomobil tədarük etdiyini açıqlayıb. Model 3 və Model Y istehsalı 386 min 576 ədəd, təslimatlar isə 422 min 405 ədədə çatıb. Digər modellər üçün isə 24 255 ədəd istehsal edilib və 21 551 ədəd çatdırılıb.
"Samsung" 17 min idmançıya "Galaxy Z Flip6" paylayıb
"Samsung" “Paris-2024” Yay Olimpiya Oyunları üçün idmançılara xüsusi dizayn edilmiş "Galaxy Z Flip6 Olympic Edition" telefonlarını paylamağa başlayıb. Qeyd edək ki, bu xüsusi telefonlar daha öncə "Samsung"un "Unpacked" tədbirində təqdim edilmişdi. Şirkət bu xüsusi versiyanı idmançıların ehtiyaclarını ödəmək və onlara ən yaxşı təcrübə təklif etmək üçün hazırladığını bildirir.
iOS 18 Beta 4 təqdim olundu
"Apple" iPhone 16-nın təqdimatı ilə son versiyasını paylaşmağa hazırlaşdığı iOS 18 üçün beta versiyalarını təqdim etməyə davam edir. iOS 18 Beta 4 yeniləməsi əvvəlki versiyalar kimi bir sıra səhvlərin düzəlişi və təkmilləşdirmələr üzərinə fokuslanıb. Bununla belə, yeni beta versiyası istifadəçilərə "CarPlay" üçün səkkiz yeni işıq rejimi və qaranlıq rejimdə divar kağızı variantları təklif edir.
"Meta" yeni süni intellekt xüsusiyyətlərini təqdim edib
“WhatsApp” istifadəçiləri artıq yazdıqları mesajın əvvəlinə “@MetaAI” əlavə etməklə süni intellektdən cavab ala biləcəklər. "Meta AI" və bu yeni nəsil "WhatsApp" xüsusiyyətləri hazırda Argentina, Çili, Kolumbiya, Ekvador, Meksika, Peru və Kamerun da daxil olmaqla ümumilikdə 22 ölkədə istifadə edilə bilər. Qeyd edək ki, yeni xüsusiyyətlər hələlik ölkəmizdə aktiv deyil.
"Tesla" şirkəti "robotaxi" üçün yeni tarix verdi
Çoxdan gözlənilən "Tesla"nın "robotaxi" təqdimatı bəzi dəyişikliklərə görə ötən həftə təxirə salınmışdı. Bir müddət əvvələ qədər avqustun 8-də avtonom hərəkət edə bilən nəqliyyat vasitəsi "robotaxi"nin təqdim olunacağı deyilirdi. "Tesla"nın son rüb görüşlərinin bir hissəsi olaraq, yeni tarix 10 oktyabr olaraq elan edilib.