Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Rəqəmsal alətlərdən istifadə ilə bağlı qrant müsabiqələri keçiriləcək"
Növbəti aylarda Azərbaycanda rəqəmsallaşma alətlərindən istifadə ilə bağlı fərdi və təşkilati qrant müsabiqələri təşkil olunacaq. Bu barədə Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov bu gün keçirilən "Üfüqlәri aşaraq: Dayanıqlı Kosmos, Dayanıqlı Yer" mövzusuna həsr olunmuş "Space Generation Azerbaijan (SG Azerbaijan)" tədbirində qeyd edib.
O bildirib ki, rəqəmsallaşma və süni intellektlə bağlı çağırışlarda gənclərin xüsusi yeri var:
"Bu istiqamətdə təşkil ediləcək qrant müsabiqələrində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi də iştirak edən gənclərə rəqəmsal alətlərdən istifadə etməyə imkanlar yaradacaq. Həmçinin gənclər bizim təşkil etdiyimiz düşərgələrdə də iştirak edərək bu və digər mövzularda bilik və bacarıqlarını artıra bilərlər".
Azərbaycan Mərkəzi Bankı "E-manat"a lisenziya verib
Azərbaycan Mərkəzi Bankı (AMB) "E-manat" ödəniş terminallarının sahibi olan “Modenis” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib. Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.
"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.
Xatırladaq ki, AMB bundan əvvəl “A-Solutions" və "United Payment" MMC-lərə elektron pul təşkilatı, “Token Azərbaycan” MMC-yə isə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 4-ə çatıb.
Hyundai elektrik modeli INSTER-in ilk görüntülərini paylaşıb
“Hyundai Motor Company" A seqmentində yeni kompakt EV modelinin adını və ilk şəkillərini paylaşıb.Hyundai-nin yeni subkompakt EV modelinin kökləri əslində 2021-ci ildə təqdim edilən və yalnız Koreya bazarında satılan benzinlə işləyən CASPER-ə əsaslanır. Tamamilə elektriklə hazırlanmış INSTER öz seqmentində sürücülük dinamikası baxımından yeni standartlar müəyyən edəcək. WLTP-nin məlumatına görə, 355 kilometr məsafə qət edən elektromobil texnologiya və təhlükəsizlik xüsusiyyətləri baxımından diqqət çəkib.
"Nothing" "Apple"ın yeni xüsusiyyətlərini ələ salıb
WWDC 2024 tədbirində xüsusilə istifadəçi interfeysi fərdiləşdirmələri ilə diqqət çəkən iOS 18 nəhayət təqdim edildi. Xüsusilə Nothing brendinin "Apple"ın yeni xüsusiyyətlərini ələ salması texnologiya həvəskarlarının diqqətini çəkdi. iOS 18 ilə iPhone istifadəçiləri tətbiq nişanlarını istədikləri kimi fərdiləşdirə biləcəklər. Apple-ın bu addımı istifadəçilərə tətbiq nişanlarını istədikləri rəng və ölçüdə təyin etməyə imkan verməklə interfeysin fərdiləşdirilməsinə yeni ölçü əlavə edir.
Ancaq bu xüsusiyyətlər Android istifadəçiləri üçün yeni bir şey deyil. Uzun müddətdir Android ekosistemində mövcud olan bu cür fərdiləşdirmə imkanları Apple-ın yeni xüsusiyyətlərinin yumor mövzusuna çevrilməsinə səbəb olub.
Sam Altman "Apple" əməkdaşlığı ilə bağlı açıqlama verib
Sam Altman bu əməkdaşlıqla "Apple" istifadəçilərini nələrin gözlədiyi barədə qısa məlumat verib:
"ChatGPT-ni istifadəçilərinə çatdırmaq üçün Apple ilə əməkdaşlıq etməkdən məmnunuq. Bu tərəfdaşlıq OpenAI-nin qabaqcıl süni intellekti hər kəs üçün əlçatan etmək missiyasına uyğun gəlir. Apple ilə birlikdə biz insanların süni intellektin təklif edə biləcəyi imkanlardan yararlanmasını asanlaşdırırıq".