Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Azərkosmos" peyk xidmətlərini Botsvanada təqdim edəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Botsvananın Mülki Aviasiya İdarəsi ilə əməkdaşlığa başlayıb. Məlumata görə, tərəflər arasında imzalanmış uzunmüddətli tərəfdaşlıq müqaviləsi sayəsində Botsvanada “Azerspace-1” peykinin yerüstü rabitə və data xidmətləri təqdim olunacaq.
“Azerspace-1” peykinin C yayım zolağının Afrika şüası üzrə Botsvanaya peyk data xidmətinin verilməsi ilk dəfə olaraq həyata keçirilir.
"Azərkosmos" təkcə Cənubi Afrikada yerləşən 13 ölkədən 6-na peyk xidmətləri təqdim edir. Botsvana ilə qurulmuş bu əməkdaşlıq Cənubi Afrika ölkələrində həyata keçirilən irihəcmli data layihələrində “Azerspace” peyklərinin xidmətlərinin istifadəsini genişləndirəcək.
İki tərəfdən qatlanan ekrana malik ilk "Huawei" smartfonu görüntülənib
Fotoda "Huawei Consumer Business Group"un baş direktoru Yu Richard-ın iki fərqli nöqtədən qatlanan ekrana malik ilk "Huawei" smartfon modelindən istifadə etdiyini görürük. Bu yeni modelin ilin sonuna qədər təqdim ediləcəyi gözlənilir. Qeyd edək ki, bu telefon quruluşuna görə normal qatlana bilən telefonlardan daha qalın olacaq.
"Aşağı orbitli peyklərin ətraf mühitə təsirləri nəzərdən keçirilməlidir"
İstehlakçı hüquqlarının müdafiəsi qrupu tərəfindən dərc edilən yeni hesabatda "Starlink" kimi aşağı orbitdə fəaliyyət göstərən peyklərin ətraf mühitə təsirlərinin nəzərdən keçirilməsi üçün çağırış edilib.
Son 5 ildə peyklərin sayının 127 dəfə artdığına diqqət çəkən hesabatda bu peyklərin buraxılmasından atmosferə qaytarılmasına qədər olan müddətdə çox az tənzimləmənin olduğu vurğulanır. Xüsusilə, kosmosda kommersiya şirkətlərinin artan buraxılış fəaliyyətləri ətraf mühitə nəzarətin olmaması ilə bağlı narahatlıqları artırır.
Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 6 müraciətə baxılıb və onlardan 3-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.
Bunlar "Cibpay" MMC-nin çoxfunksiyalı onlayn ödəniş platforması, "Optima Business Solutions" MMC-nin elektron sənədlərin idarəedilməsi və imzalanması üçün onlayn platforması və “İxtisasSeç" MMC-nin təhsil müəssisələrinə qəbul prosesini asanlaşdıran platformasıdır.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 164-ə çatıb.
“Startap” şəhadətnaməsi KOB subyektlərini bu sənədi aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
Qeyd edək ki, layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
iOS 18 ilə musiqi davam edərkən video çəkmək mümkün olacaq
iOS 17-də musiqi və ya podkast aktiv olduqda video çəkməyə çalışdığınız zaman fonda oxunan məzmun avtomatik olaraq dayandırılır. Bununla belə, iOS 18 əməliyyat sistemi ilə musiqi davam edərkən video çəkmək mümkün olacaq.
Bunun üçün kamera parametrlərinə yeni bir seçim əlavə edən Apple, bu infrastrukturda bir məhdudiyyət olduğunu bildirir. Müvafiq olaraq, musiqi və ya podkast aktiv olarkən video çəkilişinə başlandıqda, səs yazısı "stereo" deyil, "mono" rejimdə aparılacaq.