Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Nepalda da “TikTok”u qadağan edən ölkələr sırasına qoşulub
TikTok bir çox ölkədə qadağalarla mübarizə apararkən siyahıya yeni bir ölkə əlavə edildi. Bazar ertəsi Nepal TikTok-u qadağan edəcəyini bildirib. TikTok artıq bir sıra ölkələr tərəfindən də qismən və ya tamamilə qadağan edilib. Nepal da təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək bu ölkələr arasına qoşulub.
"Discord" ilə məşhurlaşan xüsusiyyət "WhatsApp"a gəlir!
WhatsApp yeni funksiyalar üzərində işləməyə davam edir. Bu dəfə platforma qrupları maraqlandıracaq bir xüsusiyyət gətirir. Məlumata görə, WhatsApp böyük qruplar üçün səsli söhbət funksiyasını təqdim edəcək. Digər tərəfdən, istifadəçilər səsli söhbət davam edərkən mesajlaşmaya davam edə biləcəklər. Beləliklə, söhbətdən ayrılmadan qrupa mesaj göndərmək mümkün olacaq.
“X” indi kiçik hesabları ön plana çıxaracaq!
Elon Musk tərəfindən edilən açıqlamaya görə, “X” istifadəçilərin ana səhifəsində daha kiçik və yeni açılan hesabları ön plana çıxaracaq. Bu yeni xüsusiyyət daha az izləyiciyə sahib yaradıcılara daha geniş auditoriya tərəfindən kəşf olunmaq imkanı verəcək. Musk bu yeni xüsusiyyətin yaxın bir neçə gün ərzində istifadəyə veriləcəyini bildirib.
“Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər edilib
"Qafqazinfo” bildirib ki, Qanundakı bu dəyişikliyi Prezident İlham Əliyev təsdiqləyib. Belə ki, bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün rüsum 20 manatdan 15 manata, bazar qiyməti 100 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 30 manatdan 20 manata, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 50 manatdan 30 manata, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 60 manatdan 40 manata, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər oldan mobil cihazlar üçün rüsum 70 manatdan 50 manata, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 100 manatdan 70 manata, bazar qiyməti 1001 ABŞ dollarından çox olan mobil cihazlar üçün rüsum 150 manatdan 100 manata endirilib.Yeni rüsumlar 30 gündən sonra qüvvəyə minəcək.
“Apple Watch” rəqibi gəlir? “OnePlus Watch 2” dizaynı sızdırıldı!
Sızıntı məlumatları ilə məşhur olan "OnLeaks" OnePlus Watch 2-nin şəkillərini və bir neçə detalını əldə edib. Qeyd edək ki, bu şəkillər sınaq mərhələsindəki prototipin real görüntülərinə əsaslanır. Buna görə də son məhsul burada gördüyümüzdən bir qədər fərqli ola bilər. Bu, saatın son versiyası olmasa da, böyük ölçüdə buna bənzəyəcəyi düşünülür.