Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Bakı metrosunda QR biletdən istifadə edənlərin sayı 20 % artıb
Bu ilin mart ayında Bakı metrosunda QR biletdən istifadə edənlərin sayı əvvəlki ayla müqayisədə 20 % artıb. Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib. Qeyd olunub ki, fevral ayında orta statistik hesabla gün ərzində 5,104 sərnişin QR biletdən istifadə edibsə, martda bu rəqəm 5,728 nəfər təşkil edib.
Ümumiyyətlə, iş günlərində artım daha çox müşahidə olunub. Fevralın iş günlərində istifadəçi sayı 6 mindən artıq olurdusa, mart ayının hər iş günündə 7 350-dən artıq istifadəçi sayı qeydə alınıb. Martın 5-də 8 min 410, ayın 28-də 8 min 84 QR ilə ödəniş edilib. Stansiyalar arasında rekord göstərici yenə “28 May” stansiyasına məxsusdur – 16 min 449 sərnişin. Ay ərzində QR biletdən cəmi istifadəçi sayı isə 177 min 567 təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayının 30-dan Bakı metropoliteninin bütün stansiyalarında QR biletlə ödəmə sisteminin tətbiqinə başlanılıb.
Azərbaycanda bazarlara çıxarılan heyvanlar xüsusi sistemlə izləniləcək
Azərbaycanda bazarlara daxil olan və bazarlardan çıxarılan heyvanlar xüsusi sistemlə izləniləcək. Belə ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bazarlar “Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi”ndə qeydiyyata götürüləcək, bazara daxil olan və bazardan aparılan heyvanların identikləşdirilməsi və onların sistem üzərindən izlənməsi təmin ediləcək.
Bu proses AQTA-nın heyvan bazarlarında apardığı monitorinqlər çərçivəsində aşkarlanan nöqsanlarla bağlı görülən tədbirlər çərçivəsində baş tutacaq. Belə ki, aparılan monitorinqlərin nəticələrinə əsasən, aşkarlanan nöqsanlar nəzərə alınaraq heyvan satışı bazarlarında Agentlik tərəfindən tədbirlər görüləcək. Respublikada epizootoloji stabilliyin pozulmasına zəmin yaradan risklər baxımından heyvan satışı bazarları xüsusi əhəmiyyət kəsb etdiyinə görə, bazarlarda dövlət baytarlıq nəzarəti təmin ediləcək, bunun üçün müvafiq şərait və iş rejimi formalaşdırılacaq.
Azərbaycanda taksilərə 8 il məhdudiyyətinin tətbiqi qaydaları açıqlanıb
Bu il iyulun 1-dən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, iyulun 1-dək müraciət edənlərə bu tələb tətbiq edilmir.
Nümunə olaraq qeyd olunub ki, avtomobil 2012-ci il istehsalıdırsa və iyulun 1-dək icazə üçün müraciət edilibsə, bu zaman 3 illik icazə veriləcək və rəng tələbi tətbiq olunmayacaq.
İKT üzrə milli təqaüd proqramında iştirak üçün son 5 gün!
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi “Technest” Təqaüd Proqramının ölkə üzrə yeni qeydiyyat dalğası davam edir. Qeydiyyat Bakı və bir sıra regionlar daxil olmaqla, ölkənin İKT sahəsində fəaliyyət göstərən 40-dan çox tərəfdaş tədris mərkəzinin təqdim etdiyi 50-dən çox ixtisas üzrə aparılır.
Qeyd edək ki, “Technest” Təqaüd Proqramına 13 yaşdan yuxarı hər bir Azərbaycan vətəndaşı müraciət edə bilər. “Technest”ə onlayn müraciət edən şəxslər tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və müsahibə mərhələlərindən keçəcəklər. Yalnız bütün mərhələləri uğurla bitirən namizədlər təqaüd əsaslı təhsilə cəlb olunacaq.
Qeydiyyat və ixtisaslarla bağlı ətrafı məlumat: https://technest.idda.az/ Son qeydiyyat tarixi 7 aprel 2024-cü ildir.
Qeyd edək ki, bu tədris dalğası çərçivəsində “Technest” Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığa başlayır. Belə ki, Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatda olan şəxslər də layihəyə cəlb olunacaq və layihə müddətində DMA tərəfindən minimal əmək haqqı məbləğində müavinətlə ilə təmin olunacaq.
Bununla yanaşı, sosial layihələr çərçivəsində məhkum qadınlar, fiziki məhdudiyyətli şəxslər, ANAMA əməkdaşları, ucqar kəndlər və internat evlərindən şəxslər, eləcə də aztəminatlı ailələrdən olan tələbələr İKT üzrə tam təqaüdlü təhsilə cəlb olunacaq.
Apple ReALM adlı yeni kiçik dil modelini təqdim edib
ReALM "Apple"ın sürətlə böyüyən süni intellekt üzrə tədqiqat işinin ən son modelidir. Bu alət mövcud modelləri daha sürətli, daha ağıllı və səmərəli etmək üçün nəzərdə tutulub. Şirkət hətta bunun müəyyən tapşırıqlarda GPT-4-dən üstün olduğunu iddia edib.