Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Tesla"nın mənfəət marjası 2024-cü ildə azalıb
2021 və 2022-ci illərdə "Tesla"nın ümumi mənfəət marjası davamlı olaraq artıb. 2021-ci ilin birinci rübündə təxminən 20 % olan mənfəət marjası 2022-ci ilin son rübündə 29,1 %-ə yüksəlib. 2023 və 2024-cü illərdə isə mənfəət marjası aşağıya doğru meyil etməyə başlayıb. Həmin dövrdə "Tesla" tədarüklərinin sayında artım müşahidə olunub. 2021-ci ilin birinci rübündə təqribən 200,000 olan tədarüklərin sayı, 2024-cü ilin birinci rübündə 400,000-i keçib. Bununla belə, tədarüklərin sayının artmasına baxmayaraq, mənfəət marjasının azalması diqqəti çəkir.
2024-cü ildə "Spotify" gəlirləri müsbət səviyyəyə çatıb
Qrafikdəki məlumatlara görə, "Spotify"ın xalis gəlirləri 2009-cu ildən bəri ümumiyyətlə mənfi olub. Xüsusilə 2016 və 2018-ci illərdə ciddi itkilər qeydə alınıb. Bununla belə, 2024-cü ilin ilk yarısında "Spotify"ın xalis gəliri müsbət səviyyəyə çatıb. Abunəçilərin sayı 2024-cü ilin birinci yarısında 200 milyonu keçib. Bu artım şirkətin gəlirlərinin artmasında mühüm rol oynayıb.
Ən çox "Samsung" istifadə edən ölkələr hansılardır?
Cənubi Koreyada sorğuda iştirak edənlərin 66 %-i "Samsung" telefonlarından istifadə etdiyini bildirib. Bu göstərici digər ölkələrlə müqayisədə ən yüksək olanıdır. Keçirilən sorğu "Samsung"un bazar payının ölkədən ölkəyə necə dəyişdiyini və brendin xüsusilə öz ölkəsində nə qədər güclü olduğunu ortaya qoyur. Sorğu 18-64 yaş arası 1977-9425 smartfon istifadəçisi arasında aparılıb və 2023-cü ilin aprelindən 2024-cü ilin martına qədər keçirilib.
Azərbaycan “Google” ilə əməkdaşlıq istiqamətlərini nəzərdən keçirir
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Google” şirkətinin rəhbərləri ilə videokonfrans formatında görüşüb. Görüşdə mövcud əməkdaşlıq, innovativ təcrübələrin tətbiqi, rəqəmsal iqtisadiyyatın inkişafı, o cümlədən süni intellekt əsaslı texnologiyalar üzrə birgə fəaliyyətin təşkili müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Google” şirkətinin Qafqaz və Mərkəzi Asiya üçün Dövlət əlaqələri və ictimai siyasət üzrə rəhbəri Olqa Skoroxodova və şirkətin Qafqaz, Mərkəzi Asiya, Cənubi Afrika və İsrail üzrə rəhbəri Marina Zuniklə videokonfrans formatında görüşüb.
Görüşdə mövcud əməkdaşlıq, innovativ təcrübələrin tətbiqi, rəqəmsal iqtisadiyyatın inkişafı, o cümlədən süni intellekt əsaslı texnologiyalar üzrə birgə fəaliyyətin təşkili müzakirə edilib.
Tərəflər COP29 üzrə prioritetlər və dayanıqlı inkişaf həllərinin perspektivlərini, həmçinin şirkətin məhsul və xidmətləri üzrə potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.
"Mazda" loqosunu dəyişir
"Mazda" yalnız kiçik toxunuşlarla yenilənmiş görüntü əldə etməyi hədəfləyir. Belə ki, şirkət köhnə kvadrat görünüşlü loqo dizaynından imtina edərək daha dairəvi dizayna keçid edib.