WhatsApp” üçün yeni funksiyalar hazırlanmağa davam edir. Bu yeni xüsusiyyətlər “WhatsApp”ın ən son beta versiyalarında məlum olub, lakin geniş istifadə olunmur. Hələlik yalnız beta istifadəçilər bu funksiyalardan yararlana bilir ki, bu da gələcəkdə hansı funksiyaların əlçatan ola biləcəyi haqqında kifayət qədər informasiya verir.
Son beta versiya əvvəlcə “Android” əməliyyat sistemli istifadəçilərə status yeniləmələrini birbaşa “WhatsApp”dan “Facebook” hekayələrində paylaşmaq imkanını verəcək. Bu, indiyədək mümkün olsa da, yeni versiya ilə bütün proses “Həmişə Facebook hekayəsində paylaş” adlı yeni funksiya vasitəsilə avtomatlaşdırılacaq. Son beta versiyada aşkar edilən digər yeni xüsusiyyət məxfiliyə nəzarət ekranıdır. Bu özəllik sayəsində istifadəçilər məxfilik parametrlərini daha yaxşı anlayacaq və idarə edə biləcək.
Son olaraq, “Meta”, deyəsən, “WhatsApp”a xəbər lentinə bənzər bir yayım sistemini gətirməyi planlaşdırır. Bundan əlavə, tətbiqin “Status” bölməsinin dəyişərək, “Yeniləmələr” bölməsinə çevriləcəyi istisna olunmur. “ZDNet” vasitəsilə bildirilib ki, istifadəçilər bu bölmədə mesajları yönləndirə və statuslara baxa biləcəklər. Kanal üzvləri isə yalnız mesajları qəbul edə biləcəklər.
Meta “Instagram”da keçirilən vaxtın 24 % artdığını deyib
Mark “TikTok”a bənzər “Reels”i işə saldıqdan sonra, süni intellekt tərəfindən dəstəklənən tövsiyələr sayəsində “Instagram”da keçirilən vaxtın 24 % artdığını açıqlayıb. Bu məqamda “TikTok”un bütün tətbiqi tövsiyə alqoritmi üzərində quraşdırdığını xatırlatmaq yerinə düşər. Həm Mark, həm də Susan Li süni intellektə yönəlmiş təkliflərin istifadəçilər arasında qarşılıqlı əlaqəni artırdığını dilə gətiriblər. Bundan əlavə, Li, mövcud “Instagram” kontent növlərindən struktur olaraq fərqli olduğu üçün “Reels”ə uyğun pul qazanma metodunun tapılması üzərində məhsul işinin aparılacağından bəhs edib.
“Google”un ana şirkəti “Alphabet” 2023-cü ilin ilk rübündə 69,8 milyard dollar gəlir əldə edib
“Google”un ana şirkəti “Alphabet” 2023-cü ilin 1-ci rübündə 69,8 milyard dollar gəlir əldə edib. Beləliklə, 2022-ci ilin 1-ci rübü ilə müqayisədə gəlirlər 3 % artıb. Bu rübdə əməliyyat gəliri 17,415 milyard dollar, xalis gəlir isə 15,05 milyard dollar təşkil edib. Ötən rübdə “Alphabet”in gəliri 76 milyard dollar, xalis gəliri isə 13,62 milyard dollar olub.
Nəticələrə nəzər salsaq, “YouTube”un reklam gəlirləri 1 il əvvəl 6,87 milyard dollar olduğu halda, 2023-cü ilin 1-ci rübündə 6,69 milyard dollar təşkil edib. Bu rübdə “Cloud”dan əldə edilən gəlir 7,45 milyard dollar olub. Keçən il “Cloud”dan əldə edilən gəlir 5,82 milyard dollar idi.
“Access”, “Calico”, “CapitalG”, “GV”, “Nest”, “Verily”, “Waymo” və “X” kimi startapların yer aldığı “Google”un “Other Bets” seqmenti pul itirməkdə davam edir. “Other Bets” 288 milyon dollar gəlir əldə etməsinə baxmayaraq, 1,2 milyard dollar itki yaşayıb.
"iPhone 15 Pro CAD" şəkillərinə bir baxın. "Silence" düyməsi isə dəyişir
“Zelbo”ya görə, “Apple”, həqiqətən “iPhone 14 Pro” modellərində “solid-state” düymələrdən istifadə etməyəcək, lakin “silence” düyməsinin əvəzinə, “Apple Watch Ultra”dakı “action” düyməsi kimi əlavə funksiyalar təklif edə bilən bir düymə görə bilərik.
Yuxarıdakı fotoda “iPhone 15” və “iPhone 15 Pro” arasındakı düymə fərqini görə bilərsiniz.
Kamera çıxıntısı da “iPhone 15 Pro”nun digər maraqlı dəyişiklikləri arasında yer alır. Şəkillərə görə onu deyə bilərik ki, “Pro Max”da kamera çıxıntısı bir qədər böyükdür. Bu da “Apple”ın bu modelə 6x böyütmə periskop obyektivini əlavə edəcəyinə işarədir.
“Sony Xperia 1 V” modelinin buraxılış tarixi açıqlandı
“Sony” adıçəkilən modelin anonsunu keçən il mayın 11-də etmişdi. Görünür ki, şirkət ənənəsinə sadiq qalıb, flaqman modelini irəlidəki günlərdə, yəni mayın 11-də ictimaiyyətə təqdim edəcək. Digər tərəfdən də son günlərdə modellə bağlı yeni məlumatlar paylaşılır.
“Sony Xperia 1 V” prosessor yerinə “Snapdragon 8 Gen 2”ni daxil edəcək. “Sony” modellərini hər kəs kamerası ilə tanıyırdı. Bu məqsədlə qurğuda əsas kamera kimi bir düymlük “Sony IMX989” görüntü sensoru yer alacaq. Modeldə 12 GB yaddaşın istifadə ediləcəyi istisna olunmur.
Telefonun ön panelinin 120 Hz yeniləmə sürəti ilə 4K təsvir ölçülü “OLED” displeyə sahib olacağı gözlənilir. Sonda 5000 mAh batareyaya malik modelin 30 Vt yükləmə ilə enerji toplayacağı da bildirilib.
“Microsoft Teams” 300 milyondan çox istifadəçiyə çatdı
“Microsoft” - biznes yönümlü kommunikasiya platforması “Teams”in aylıq 300 milyondan çox insana xidmət göstərərək, yeni rekorda imza atdığını açıqlayıb. Bu barədə “Microsoft”un baş icraçı direktoru Satya Nadella şirkətin xüsusi tədbirində bildirib.
Əhəmiyyətli uğur bütün pandemiya dövründə dünya üzrə biznes və fərdlər üçün mühüm alət olan “Teams”in davamlı böyüməsinə və populyarlığına işarədir. Nadellanın qeyd etdiyi kimi, “Teams”in istifadəsi ən yüksək səviyyədədir və platforma əməkdaşlıq, söhbət, görüşlər və zənglər də daxil olmaqla hər bir kateqoriyada pay əldə edə bilib.