Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Atari" "Gamestation Go" ilə geri döndü
"Atari" yeni portativ oyun konsolu "Gamestation Go"nu elan edib. "My Arcade" və "Atari" əməkdaşlığı ilə hazırlanan bu cihaz, həm nostalji sevənləri, həm də yeni nəsil oyunçuları cəlb edəcək. Konsolun qiyməti və çıxış tarixi CES 2025-də açıqlanacaq.
"Nvidia RTX 50" seriyasının dizaynı sızdırılıb
4-6 yanvar tarixlərində keçiriləcək “GeForce LAN 50” tədbiri öncəsi yayılan görüntü, RTX 5080 və ya RTX 5070 Ti modelinə aid ola biləcək kartın dizaynını qismən ortaya qoyub. Sızdırılan məlumata görə, RTX 5080 modeli 16 GB GDDR7 yaddaşı ilə təchiz olunacaq və oyun performansında ciddi irəliləyişlər təqdim edəcək.
"Samsung Good Lock" artıq bütün dünyada əlçatan olacaq
"Samsung" "Good Lock" tətbiqini qlobal səviyyədə istifadəyə açır. Əvvəllər yalnız bəzi bölgələrdə və "Galaxy Store" üzərindən yüklənə bilən bu tətbiq artıq "Google Play Store"da olacaq. "Good Lock" "Samsung" istifadəçilərinə "One UI" interfeysini "root" kimi mürəkkəb üsullara ehtiyac olmadan geniş şəkildə fərdiləşdirməyə imkan yaradır. Bundan əlavə, "Samsung" "Good Lock"un interfeysini yenidən dizayn edəcəyini də açıqlayıb.
"Spotify" pul qazanma imkanlarını genişləndirib
Şirkət "Partner Program"ı təqdim edərək podkast yayımlayan istifadəçilərin platformada gəlir əldə etməsinə şərait yaradır. Proqrama qoşulmaq üçün son 30 gün ərzində podkastın 10 min saatdan çox dinlənməsi, 2000 fərqli istifadəçi tərəfindən izlənməsi və ən az 12 bölümün yayımlanması tələb olunur.
"X" hər şeyin tətbiqi olmaq yolunda irəliləyir
"X" 2025-ci ildə maliyyə, süni intellekt və sosial medianı bir araya gətirən yeni ekosistem yaratmağı planlaşdırır. Şirkətin CEO-su Linda Yaccarino "X Money", "X TV" və "Grok AI" kimi yeniliklərin təqdim ediləcəyini açıqlayıb.