Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"TikTok"da xərclənən məbləğ 10 milyard dollara çatıb
Aktiv istifadəçilərinin sayı durmadan artan "TikTok" bir ilkə imza atıb. Tətbiqdə aktiv istifadəçilər ilə yanaşı aktiv xərclər də diqqət mərkəzi olub. Paylaşılan təhlilin nəticələrinə görə, "TikTok" tətbiqi "App Store" və "Google Play Store"da istifadəçilərin 10 milyard dollar xərclədiyi ilk qeyri-oyun tətbiqi olmağı bacarıb.
“Yaradıcı Ekosistem və Sənaye Mükafatı” üçün müraciətlərin qəbuluna başlanılıb
Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən “Yaradıcı Ekosistem və Sənaye Mükafatı” üçün müraciətlərin qəbuluna başlanılıb. Mükafat yaradıcı sənaye sektorunun əhəmiyyətinin artırılması, sənaye nümayəndələrinin fəaliyyətinin daha geniş tanıdılması, mədəniyyət sahəsində sahibkarlığın inkişafının təşviq edilməsi və istedadlı şəxslərin peşəkar inkişafının dəstəklənməsi məqsədilə təsis edilib.
Mükafatın təqdim edilməsi müsabiqə əsasında həyata keçiriləcək. Müraciətlər mədəniyyət və yaradıcı sənayelərin (bundan sonra MYS) yaradıcı klasterləri (kino, animasiya, teatr, ədəbiyyat, dizayn, təsviri sənət, tətbiqi sənət/əl işləri, rəqs, musiqi, kulinariya, oyun texnologiyaları, mədəniyyət sahəsində startaplar (cultech)) üzrə 6 nominasiyada qəbul olunur:- “İlin biznes təşəbbüsü”- “İlin innovativ layihəsi”- “İlin yaradıcı məkanı”- “İlin mühüm hadisəsi”- “İlin ekosistem oyunçusu”- “Xüsusi mükafat”. Müsabiqədə iştirak etmək istəyənlər award.creative.az rəsmi internet səhifəsində qeydiyyatdan keçərək öz namizədliyini irəli sürə bilərlər.
Reklam izləməklə "Xbox Game Pass"a pulsuz daxil olmaq mümkün olacaq
İddialara görə, oyunçular “Microsoft”un reklamlarına baxmaq müqabilində “Xbox Game Pass”a pulsuz daxil ola biləcəklər. Bu aksiya qəbul edildiyi təqdirdə istifadəçi 30 saniyəlik reklam izlədiyinə görə, 2 saatlıq Game Pass girişi əldə edəcək. Yeni xidmətin yalnız müəyyən bölgələrdə əlçatan olacağı qeyd olunub.
Karqoların qaytarılmasında yeni dövr: İstehlakçı geri qaytarma haqqını ödəyəcək
Türkiyədə karqolar ilə bağlı yeni qanun qəbul olunub. Belə ki, karqoların qaytarılmasını əhatə edən yeni tənzimləmə ilə sifariş ləğv edildikdən sonra geri qaytarma prosesinin xərclərini istehlakçı öz üzərinə götürəcək. Yanvarın 1-dən etibarən tətbiq olunacaq yeni tənzimləmə ilə, məhsul qüsurlu mal sayılmadığı təqdirdə, onlayn alış-veriş üçün geri qaytarma haqqı istehlakçı tərəfindən ödəniləcək.
"Huawei"nin yeni simsiz qulaqlığı "FreeClip"in görüntüləri ortaya çıxıb
Rəsmi təqdimatdan əvvəl sızan "Huawei FreeClip" simsiz qulaqlıq modeli şirkətin əvvəlki modellərinə bənzəmir. Fərqli dizayna sahib bu yeni qulaqlıq 8 saata qədər batareya ömrünü təmin edir. Qeyd edək ki, cihazın hazırda yalnız boz və gümüş rəngləri mövcuddur.