Avtomobillərdən daha ucuz olacaq: “Tesla Optimus”un xüsusiyyətləri
Bu gün baş tutan “AI Day” tədbirində “Tesla”nın süni intellekt və insanabənzər robotlar sahəsində hədəfləri açıqlanıb. Tədbirdə şirkətin baş direktoru İlon Mask insanabənzər robot prototipi olan “Tesla Optimus” modelini təqdim edib. Rəqs edərək zala daxil olan “Optimus” tamaşaçıların diqqətini çəkməyi bacarıb. Robotun ilk dəfə heç bir simli əlaqə olmadan işlədiyini deyən Mask onun səhnədə göründüyündən daha bacarıqlı olduğunu vurğulayıb.
“Tesla Optimus”un xüsusiyyətləri və qiyməti ilə tanış olaq
Mövzu ilə bağlı açıqlama verən Mask “Biz “Tesla”nın elektrikli avtomobillər üçün hərəkətverici qurğular istehsalındakı təcrübəsindən faydalandıq. Robototexnika üçün lazım olan süni intellekt alqoritmlərinin yaradılmasına xeyli vaxt sərf etdik. Düşünürəm ki, buna dəyərdi”, - deyə bildirib.
Mask həmçinin bəzi şirkətlərin insanabənzər robot nümayişlərindəki performansının kütləvi istehsala keçə bilməyəcəyini də iddia edib. “Tesla”nın milyonlarla “Optimus” istehsal edə biləcəyini bildirən Mask tədbir zamanı robotun digər qabiliyyətləri haqqında video paylaşıb.
“Tesla” komandası gövdəsi tam yığılmış, lakin işlək vəziyyətdə olmayan “Optimus”un istehsalata çox yaxın versiyasını göstərən daha bir prototip buraxıb. Göstərilən sonuncu modelin hələ gəzmək mərhələsində olmadığı bildirilib.
“Tesla” insanabənzər robot modeli üçün öz prosessorunu hazırlayacağını da açıqlayıb. “Wi-Fi” və “LTE” kimi simsiz əlaqə xüsusiyyətlərinə sahib olduğu bildirilən robot insanların bioloji xüsusiyyətlərindən ilhamlanaraq hazırlanıb.
2,3 kVt/saat akkumulyatora malik “Tesla Optimus”un yaxın gələcəkdə kütləvi istehsalına başlanılacaq. Mask təkmilləşdirdikləri robotun qiymətinin 20 min dollardan az olacağını açıqlayıb.