aypın pik nöqtəsində süni intellektlə bağlı müxtəlif proqnozlar verilir. Şok effekti yaratmaq istəyənlər bir tərəfdən, həyacan təbili çalanlar digər tərəfdən. Bu cür postlar sosial mediada yəqin qarşısınıza çox çıxıb. Lakin texnologiya okeanını ağuşuna alan hayp dalğasında həqiqətə nə qədər yaxınıq?

Gəlin ilk öncə nüfuzlu beynəlxalq qurumların açıqladığı rəqəmlərə nəzər salaq. Beynəlxalq Valyuta Fondu iddia edir ki, süni intellekt dünya üzrə məşğulluğun 40 %-nə təsir edəcək. “Goldman Sachs” qlobal ümumi daxili məhsulun (ÜDM) növbəti on ildə 7 %, yəni yeddi milyard dollar dəyərində artacağını təxmin edir. “McKiney’s”in araşdırması isə süni intellektin iqtisadiyyata təsiri nəticəsində bu göstəricinin illik 17,1 və 25,6 milyard dollar arasında artacağı qənaətindədir.
Bu rəqəmlər çox iddialı səslənir? Əslində daha “cəsarətli” araşdırmlarla müqayisədə bu rəqəmlər nisbətən mühafizəkar qalır.
Massaçusets Texnologiya İnstitutunun professoru Daron Acemoğlunun son tədqiqatı isə bundan da daha mühafizəkar mövqe sərgiləyir. O, müəllifi olduğu “The Simple Macroeconomics of AI” elmi araşdırmasında süni intellektin növbəti on ildə ABŞ iqtisadiyyatına necə təsir edəcəyini araşdırır. Onun hesablamalarına görə, süni intellekt iqtisadi səmərə gətirməklə ən yaxşı halda işlərin yalnız 5 %-ni icra etmək iqtidarında olacaq. Bu zaman kəsiyində ÜDM artımının 1 % civarında olacağı proqnozlaşdırılır.
Daron Acemoğlu hesab edir ki, süni intellektin bu iqtisadi effekti əhəmiyyətlidir, lakin öz real təsirini məhdud formada göstərəcək. Acemoğlunun yanaşması süni intellektin inqilabi dəyişikliklərə yol açacağını irəli sürən iddialı proqnozlardan, o cümlədən daha az iddialı, amma yetərincə optimist rəqəmlər verən “Goldman Sachs” və “McKiney’s”nin hesabatlarından fərqlənir.
Acemoğlu süni intellektin əmək bazarına təsirini araşdıran əvvəlki tədqiqatları da təhlil edərək belə bir ehtimal irəli sürüb ki, ABŞ-nin əmək bazarında işlərin 20%-i ya süni intellektlə əvəz oluna, ya da onun köməyi ilə tamamlana bilər. Lakin bu işlərin yalnız beş faizi iqtisadi cəhətdən səmərəli olacaq. Qalan 75 %-də süni intellektin tətbiqi ilə yaranan xərclər onun səməsini üstələyə bilər.
Bu araşdırmadan yola çıxan Acemoğlu hesab edir ki, növbəti on ildə süni intellektin yaratdığı məhsuldarlıq 0,7 % civarında olacaq. ÜDM artımına maksimum təsiri 1,8%, daha realistik təsir isə 1,1 % olacaq. Onun fikrincə, hətta bu da çox optimistik ssenaridir.
Məsələ burasındadır ki, süni intellekt hələ ki, “öyrənilməsi asan” olan işlərdə tətbiq edilir. Bu işlər iki xüsusiyyətə əsasən seçilir. Birincisi, hər-hansısa əməliyyat və onun nəticəsi arasında birbaşa əlaqə yaranır. İkincisi, uğurlu nəticəni ölçmək də asan olur. Misal üçün, kontent yazmaq məqsədilə istifadə edilən “ChatGPT” və ya “Gemini”. Bu alətlərə tapşırdığımız işləri onlar kifayət qədər effektiv və “asan” öyrənərək yerinə yetirirlər.
Lakin süni intellekt daha “çətin” sahələrə tətbiq edildikcə vəziyyət dəyişir. Məsələn, Acemoğlu bu qənaətdədir ki, qripə yoluxmuş insanın öskürəyinə diaqnoz qoymaq kimi bir işin öhdəsindən gəlmək ilk vaxtlar süni intellekt üçün əlçatmaz olaraq qalacaq.
Süni intellekt layihələrinə edilən investisiyalar arasında da qeyri-bərabərlik hökm sürür. Böyük şirkətlər bu mənada öndədir. Lakin süni intellektin potensial olaraq tətbiq edilə biləcəyi fərqli işlər kiçik və orta biznesdə (KOB) özünü daha çox göstərir. Bu, həm də ona dəlalət edir ki, süni intellektə adaptasiya elə də ucuz başa gəlmir. KOB-lar yaxın-orta perspektivdə bu texnologiya üçün çəkilən xərclərlə onun yaradacağı iqtisadi səmərəni üstələyən risklərlə üzləşirlər.
Bu reallığı nəzərə alan Acemoğlu yazır ki, əgər süni intellektin iqtisadiyyata nəzərəçarpan təsirini görmək istəyiriksə, bu texnologiyanın tətbiq diapazonunu genişləndirməliyik. Yəni süni intellekt insanlara yeni dərmanlar icad etmək, yeni materiallar yaratmaq və ya yeni xidmətlər təklif etmək üçün istifadə edilməlidir.
Süni intellektin dolayı təsiri
Süni intellektin potensial mənfi təsirləri də Acemoğlunun diqqətindən yayınmır. O deyir ki, sosial media platformaları insanları “ekrana yapışdırmaq” və onların platformada daha çox vaxt keçirməsi məqsədilə manipulyativ alqoritmlər hazırlayır. İT sektorunda süni intellekt vasitəsilə yeni kibertəhdidlərin yaradılmasını da göz önündə saxlamalıyıq. Bütün bu təhlükələr insanların rifahına mənfi təsir etməklə gələcəkdə sosial bərabərsizliyi daha da artıra bilər. Acemoğlunun fikrincə, ÜDM-də nisbi artım müşahidə edilsə də, ümumilikdə rifah səviyyəsinin azalacağacını təxmin etmək olar.
Texnologiyanın yeni istiqaməti
Ehtiyatlı gözləntilərinə rəğmən, Acemoğlu süni intellekt texnologiyasında müəyyən potensial görür. Lakin hesab edir ki, bu potensial gərəksiz yöndə tətbiq edilir və belə davam etsə, süni intellekt bəşəriyyət üçün daha faydalı tərəflərini nümayiş etdirə bilməyəcək. Bu texnologiya daha çox spesifik problemlərin həlli kontekstində etibarlı məlumat mənbəyinə çevrilməlidir. Bir çox vacib və xüsusilə də fiziki əmək tələb edən peşələrdə demək olar ki, tətbiq edilmir.
Elektrik ustaları, tibb bacıları, santexniklər, təhsil və kargüzarlıq sahəsində işləyənlər süni intellektdən optimal qaydada istifadə etsələr, cəmiyyət daha çox fayda görər. Çünki bu qəbildən olan peşələrdə işləyən insanlar spesifik problemin çözümü ilə məşğuldurlar. Süni intellekt spesifik vəziyyətlərdə və real zaman axımında yaranan problemlər üçün daha dəqiq həll yolları təklif edə bilər.
Məsələn, təsəvvür edin ki, bir elektrik ustası qısaqapanma və ya avadanlıqda yaranmış nasazlıqla bağlı problemi çözməlidir. Lakin işin öhdəsindən gəlmək üçün optimal məlumata sahib deyil. Süni intellekt bu işçiyə ehtiyacı olduğu məlumatı təqdim edə bilərsə, problemin həlli böyük ölçüdə optimallaşdırıla bilər. Bu tərz misallar çox gətirmək olar.
Acemoğlunun demək istədiyi odur ki, süni intellektin faydalı, spesifik peşələrdə problem çözümünə yönəlik istifadəsi iqtisadiyyatda real dəyər yaratmağa qabildir. Hazırda isə biz daha çox generativ modellərlə sual-cavab edirik. Sosial media platformaları bu modellərin köməyilə yaradılmış məzmunla aşıb-daşır. Çat-bot şeir yazır, mahnı bəstələyir, məzmun lentində cəmi bir dəfə görüb üstündən keçəcəyimiz dizaynlar hazırlayır. Bu “nailiyyət”lərin real iqtisadi artım üçün nə qədər əhəmiyyətli olduğu isə mübahisəli mövzu olaraq qalır.