Statuslarınızı artıq Telegram-da paylaşa biləcəksiniz
Telegram-ın baş direktoru Pavel Durov elan edib ki, "hekayələr" funksiyası iyulun əvvəlində xidmət göstərəcək. Durov bildirib ki, istifadəçilər illərdir bu funksiyanın gəlməsini gözləyir. Şirkət əvvəlcə "hekayələr" funksiyasının əlavə edilməsinə qarşı çıxıb, lakin tələbat çox olduğundan istifadəçiləri dinləmə qərarına gəlib. Durov bu xüsusiyyətin iyul ayında xidmət göstərəcəyini deyib.
“Nothing” Phone 2-nin unikal şarj kabeli 2 il ərzində hazırlanıb!
“Nothing” tezliklə təqdim edəcəyi yeni telefonu Phone 2-nin yarı şəffaf şarj kabelinin xüsusiyyətlərini açıqladı. “Nothing” Phone 2-nin şarj kabelinin bükülməyən dəmir xarici gövdəsini yaratmaq üçün sənayedə ilk olan qəlibləmə texnikasından istifadə edib. Şirkət bu kabellərin hazırda mövcud olan bütün kabellərdən daha uzunömürlü olduğunu irəli sürüb.
Almaniyanın yeni unicorn startapı: 1KOMMA5°
1KOMMA5° B seriyasında 430 milyon avro toplayaraq 1 milyard avro dəyər qazanıb. Cəmi 23 ay ərzində unicorn statusunu əldə etməyə nail olub. Qeyd edək ki, B seriyası biznesləri inkişaf mərhələsindən növbəti səviyyəyə çıxarmaq üçündür. Bu startap, daha geniş müştəri bazasına davamlı enerji həlləri təqdim etməyi və yaşıl gələcəyin inkişafına öncülük etməyi hədəfləyir. Bununla belə, 1KOMMA5⁰, BMT-nin dayanıqlı inkişaf məqsədlərinə (SDG) çatmağa kömək edən startaplar arasında öz yerini alır.
DeepMind yeni çatbotunun ChatGPT-ni keçəcəyini iddia edir
DeepMind, “Sparrow” modelindən sonra yeni bir dil modelinin üzərində işləyir. Onlar, "Go" oyununda peşəkar insanı məğlub etmək üçün ilk dəfə istifadə edilən “AlphaGo” süni intellekt sistemindən istifadə edərək “Gemini” adlı çatbot hazırlayır. DeepMind CEO-su Demis Hassabis-in məlumatına görə, hər şey plana uyğun getsə, “Gemini” mətnləri təhlil etməklə yanaşı, plan və problemləri həll etmək qabiliyyətinə də sahib olacaq. Grand View Research-ə görə, generativ süni intellekt bazarı 2030-cu ilə qədər 35,6% artımla 109,37 milyard dollara çata bilər.
Kibertəhlükəsizlik təlim proqramına qeydiyyat başlayıb
Kiber Təhlükəsizlik Platforması "Cybersecurity Summer School 2023" peşəkar kibertəhlükəsizlik təlim proqramına start verib. Təlim proqramı "Operation System Security", "Network Security", "Redteam operation", "Blueteam operation" mövzuları üzrə 2 ay müddətində həftədə 4 dəfə keçiriləcək. Qeydiyyat mərhələsi 30 iyuna qədər davam edəcək.
"Opel" məşhur "ildırım" loqosunu yeniləyir
Elektrikli avtomobillərin yüksəlişindən sonra "Opel" loqosunu yeniləyən markalara qoşuldu. Məşhur "ildırım" loqosu 1963-cü ildən "Opel" emblemi olub və son illərdə çox az dəyişikliyə məruz qalıb. Alman avtomobil istehsalçısı növbəti illərdə yeni loqosunu istifadəyə verəcək. Yeni görünüşə malik avtomobillərin 2024-cü ildə yola düşəcəyi gözlənilir.