BŞ-də təhsil alan azərbaycanlı gənc, Bakı Ali Neft Məktəbinin məzunu Xaqan Kərimov məşhur “WebAssembly” proqramlaşdırma dilində 3 ədəd boşluq tapıb. Azərbaycanlı gəncin bu bacarığı “WebAssembly”ni işləyib-hazırlayanların və tanınmış Stenford Universitetinin professorlarının diqqətini çəkib.
Onlar Xaqan Kərimova minnətdarlığını bildirərək, onu boşluqların aradan qaldırılmasına yönəlik təklif olunan metodun tətbiqi üzrə əməkdaşlığa dəvət ediblər. Qeyd edək ki, “Google”, “Firefox”, “Edge” və “Safari” kimi tanınmış şirkətlər “WebAssembly” proqramlaşdırma dilindən istifadə edir. Xaqan hazırda ABŞ-nin Yuta Universitetində kibertəhlükəsizlik üzrə doktorantura təhsili alır.
Bir bu çatmırdı… Bu özəlliklə “WhatsApp” nə etmək istəyir?
Keçən həftə “WhatsApp”ın “yox olan mesajlar” özəlliyinə gətirəcəyi yenilik barəsində xəbər paylaşmışdıq. Qəribə səslənsə də “yox olan mesajlar”ın heç də yox olmayacağı görünür. Mövzu ilə bağlı olan xəbərdə belə bir şərh var: “Tətbiqin son versiyasında yox olan mesajlar artıq yadda saxlanıla bilər”. Əlavə olunub ki, mesajların yadda saxlanılması məsələsində qarşı tərəfin icazəsi şərtdir.
Qısaca deyək ki, “WhatsApp”da “yox olan mesajlar” funksiyası sayəsində göndərdiyiniz video və ya fotoşəkilə qarşı tərəf yalnız 1 dəfə baxa bilir. İndi bu özəlliyin məğzi budur ki, əgər siz icazə versəniz, gizliliklə göndərdiyiniz mesajı qarşı tərəf “yaddaşda saxlanılan mesajlar” bölməsinə əlavə edə biləcək.Şayiələrə səbəb budur ki, mesaj gizlilik funksiyası ilə göndərilirsə, onun yaddaşda saxlanılmasına nə gərək var? Gizlilik olmadıqda, onsuz da açıq göndərilir, deyilmi?
Bu şərhlərə baxmayaraq, “WhatsApp” sözügedən özəlliyi gətirməkdə qərarlıdır.
“Binance”dən “ChatGPT” dəstəkli yeni “AI” modeli
Kriptovalyutalar da süni intellekt dünyasına qədəm qoyur. “Binance” tərəfindən “ChatGPT” dəstəkli yeni süni intellekt modelinin təqdimatı baş tutub. “Binance Sensei” adlı yeni model şirkətin “Web3”, blokçeyn və kriptovalyuta təlimləri üçün nəzərdə tutulub.
Sözügedən söhbət botu kriptovalyutalarla bağlı suallara cavab verəcək. İstifadə edəcəyi əsas resurs “Binance Academy” olacaq. Ətraflı məlumata sahib olmaq istədikdə isə sizi birbaşa adıçəkilən resursa yönləndirəcək. “Sensei”nin ən vacib xüsusiyyətlərindən biri məlumatı “Binance Academy”dən sizə asanlıqla ötürməsidir.
Sualları cavablandırmaq üçün hazırlanmış söhbət botu “ChatGPT” təcrübəsi olmayan istifadəçilərə də xitab edəcək. Model hazırda yalnız ingiliscəni dəstəkləyir.
“Google” tezliklə “Pixel Fold”u təqdim edəcək. Bu da sızan görüntülər
Təqdimatı olacaq məhsulun texnologiya şirkətlərindən əvvəl görüntülərini yaymaqla tanınan tviter istifadəçisi Kuba Voyçexovski “Google”un “Pixel Fold” modelinin videosunu paylaşıb. Paylaşım şərhsizdir, təhlil yoxdur. Qiymətinin isə 1700 dollardan çox olacağı gözlənilir. Şirkətin sözügedən video ilə bağlı məsul əməkdaşı şərh verməkdən imtina edib. Görüntüləri yayılan smartfonun “Samsung”un flaqman modelinə rəqib olacağı da istisna olunmur.