Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Paris Avropada elektrik skuterləri qadağan edən ilk şəhər olacaq
Sentyabrın 1-dən etibarən Parisdə elektrik skuterləri icarəyə götürmək mümkün olmayacaq. Bildirilib ki, şəhərdə olan 15.000-ə qədər skuter verilən tarixə qədər yığışdırılmalıdır. Apreldə keçirilən referendumda parislilərə skuter kirayəsi ilə bağlı 2 seçim verilib: lehinə və ya əleyhinə. Səs verənlərin 90%-i skuterlərin əleyhinə olduqlarını bildiriblər.
Asus "Zenfone" seriyasının istehsalını dayandıra bilər
Yeni bir sızıntıya görə, Asus qarşıdan gələn “Zenfone 10” ilə bu seriyaya son qoya bilər. Məsələ ilə bağlı şirkətdən rəsmi açıqlama gəlməyib, amma şayiələr doğru olarsa “Zenfone 10” seriyanın təqdim edilən son cihazı olacaq. Bununla yanaşı, Tayvan mediası Asus-un Tayvan və Çindəki PC departamentində işçilərin sayını azaltdığını bildirib.
NASA-nın hava çirklənməsini izləyən peykindən ilk görüntülər gəlib
NASA-nın “TEMPO” adlı yeni kosmik gəmisi buraxılışından aylar sonra missiyasına başlayıb. Kosmosdan hava çirkliliyini izləmək üçün nəzərdə tutulmuş yeni peykdən ilk görüntülər gəlib. Yeni peyk havanın çirklənməsinə təsir edən amilləri müəyyən edə biləcək. "TEMPO" peyki aprel ayında orbitə buraxılıb və Yer kürəsini ekvatordan 22.000 mil yuxarıdakı orbitdən müşahidə edir. “TEMPO” pik saatlarda nəqliyyatın hərəkəti və ya meşə yanğınlarının tüstüsü haqqında məlumat toplaya biləcək.
Stephen King süni intellekt haqqında danışıb
Stephen King “The Atlantic Magazine”də dərc olunan məqaləsində süni intellektlə bağlı fikirlərini bildirib. O bildirib ki, bu gün tez-tez istifadə olunan süni intellekt vasitələri insanın zehni qabiliyyətləri ilə eyni səviyyədə deyil. Buna baxmayaraq, müəllifin süni intellektə münasibəti digər müəlliflərə nisbətən daha mülayim olub.
“BMW” elektrik avtomobilləri üçün akkumulyator zavodu tikir
“BMW” elektrikli avtomobil sənayesində böyük şirkətlər arasında olmağı hədəfləyir. Şirkət Leypsiq şəhərində elektrikli avtomobillərinə akkumulyator istehsal etmək üçün müəssisə qurduğunu elan edib. Yeni zavodda tamamilə elektriklə işləyən "Mini Countryman" üçün akkumulyatorlar istehsal ediləcək. Açıqlamaya görə, şirkət sərmayə qoyduğu akkumulyator qurğusunda davamlılığa da üstünlük verəcək. 3.000 kilovat (kVt) günəş panelləri ilə təchiz edilmiş BMW-nin yeni qurğusu minimum karbon ayaq izini hədəf alacaq. Şirkət 2026-cı ilə qədər satılan avtomobillərin üçdə birinin tam elektrikli olacağını açıqlayıb.
Google "Pixel 8" süni intellekt ilə işləyən kameraya sahib olacaq
Süni intellektin yüksəlişi onun smartfon bazarında istifadəsini də gündəmə gətirdi. Sızdırılan məlumata görə, Google "Pixel 8" modelində süni intellekt dəstəkli kamera tətbiqindən istifadə edəcək. Google tərəfindən hazırlanmış “Tensor G3” prosessoru "Pixel 8"ə daxil edəcək. İddialara görə, Google prosessorla bağlı Samsung ilə əməkdaşlıq edəcək. Bildirilib ki, "Tensor G3" prosessoru Samsung tərəfindən istehsal olunacaq "Exynos 2300"ün dəyişdirilmiş versiyası olacaq.