Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Nvidia"dan təəccübləndirən qərar!
"Nvidia" ən çox üstünlük verilən GPU-larından biri olan “GeForce RTX 3060”ın istehsalını dayandırır. Buna baxmayaraq, hələ də bu ekran kartlarını almaq istəyənlər üçün kifayət qədər məhsulun olduğu qeydə alınıb.
"OpenAI" həmtəsisçisi şirkətdən ayrılır
"OpenAI"ın həmtəsisçilərindən biri olan John Schulman şirkətdən ayrılaraq "Anthropic"ə qoşulacağını açıqlayıb. Bu hadisə "OpenAI"ın digər qurucu üzvləri Andrej Karpathy və İlya Sutskeverin gedişindən sonra baş verib.
Schulman ayrılma qərarının daha çox texniki iş görmək istəyi ilə əlaqədar olduğunu ifadə edib. "OpenAI" prezidenti Greg Brocman-ın da ilin sonuna qədər uzadılmış məzuniyyətə çıxacağı təsdiqlənib. Eyni zamanda məhsul meneceri Peter Denq də şirkətdən ayrılıb. Bu gedişlə, "OpenAI"ın 11 təsisçisindən yalnız üçü şirkət daxilində qalacaq.
"Gemini" "Google Assistant"a inteqrasiya olunacaq
"9to5Google"un paylaşdığı məlumata görə, "Google" tətbiqinin 15.31 versiyasının kod sətirlərində “Gemini ilə qulaqlıq vasitəsilə danış” ifadəsi yer alıb. Görünür, istifadəçilər tezliklə "Google"un süni intellekt çatbotu "Gemini"yə birbaşa qulaqlıq vasitəsilə daxil ola biləcəklər.
"Huawei" yeni oyun siçanı "Xingyue Mouse GT"ni təqdim edib
"Huawei" flaqman xüsusiyyətləri olan yeni oyun siçanını Çində təqdim edib. "Huawei Xingyue Mous", “GT NearLink Star Flash” texnologiyası ilə kompüterlər və planşetlər arasında kəsintisiz simsiz əlaqəni təmin edir. Yalnız 0,125 millisaniyə gecikmə, 30000 DPI həssaslığı ilə təchiz olunmuş siçan 8kHz skan sürəti və 750 IPS hərəkət izləmə xüsusiyyətləri ilə diqqət çəkir.
Tək şarjla 80 saata qədər istifadə edilə bilən siçan 1 dəqiqəlik şarjla 14 saat istifadə müddəti təmin edir. 59 qram ağırlığında olan siçanın qiyməti təxminən 84 dollardır.
"Reddit" axtarış nəticələrində AI tərəfindən yaradılan xülasələri təqdim edəcək
"Reddit" tezliklə axtarış nəticələrinin yuxarı hissəsində süni intellekt tərəfindən yaradılmış xülasələr və məzmun tövsiyələri təklif etməyi planlaşdırır. Bu yenilik istifadəçilərə məzmunu daha dərindən öyrənməyə və yeni "Reddit" icmalarını kəşf etməyə kömək edəcək.