A

zərbaycan İnnovasiya Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Microsoft” şirkəti və “Strategeast”in tərəfdaşlığı ilə “Microsoft for Startups Founders Hub” proqramına start verilib. Tədbirdə “Microsoft”un nümayəndələri, Azərbaycanın texnologiya şirkətləri, yerli startaplar, AİM Texnoparkının rezidentləri və İKT ekspertləri iştirak ediblər. İlk dəfə keçirilən bu proqramın məqsədi startapları, eləcə də kiçik və orta İKT şirkətlərini inkişaf üçün vacib olan resurs və alətlərlə təmin etməkdir.

Tədbiri salamlama nitqi ilə açan İRİA-nın sədr müşaviri Salar İmaməliyev qurumun təşəbbüsləri haqqında ümumi məlumat verərək “Microsoft”un startaplara dəstək proqramının yerli ekosistemin inkişafında əhəmiyyətli rol oynayacağını vurğulayıb. Belə ki, İRİA “Microsoft”la əməkdaşlıq çərçivəsində startap komandalarında bacarıqların təkmilləşdirilməsi, innovasiyaların təşviqi və rəqabətli bazarlarda sürətli inkişafı üçün imkanlar yaradan tədbirlər, ixtisaslaşdırılmış təlim proqramları və birgə seminarlar kimi təşəbbüslər həyata keçirməyi planlaşdırır.

“Microsoft” şirkətinin Mərkəzi Avropa və Mərkəzi Asiyada tərəfdaşlığın inkişafı üzrə müşaviri Adrian Georq proqramın mahiyyəti haqqında daha ətraflı məlumat verib. O, İRİA və “Microsoft”un əməkdaşlığı sayəsində qabaqcıl texnologiyaların transformativ potensialının reallaşması və Azərbaycanda yaxın gələcəkdə dayanıqlı innovasiyaların inkişafı üçün güclü zəmin yarandığını vurğulayıb. Adrian Georq:

Bu mənim Bakıya ilk səfərimdir və aydın görürəm ki, Azərbaycan texnoloji innovasiyaları məqsədyönlü şəkildə inkişaf etdirmək və onların dayanıqlılığını təmin etməkdə qərarlıdır. Bu yanaşmaya fəal töhfə vermək fürsətinə nail olduğum üçün şərəf duyuram və əminəm ki, növbəti ildə birlikdə böyük məqsədlərimizə çata biləcəyik”.

Tədbirin davamında İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina ölkədə sağlam innovasiya ekosistemi quruculuğu haqqında danışıb və “Microsoft”la əməkdaşlığın ekosistemin inkişafına önəmli töhfələr verəcəyindən əminliyini ifadə edib.

Qeyd edək ki, tədbir çərçivəsində “Microsoft for Startups Founders Hub” proqramının ətraflı təqdimatı baş tutub. Bildirilib ki, proqram startap təsisçilərini texnologiya, təcrübə və resurs baxımından dəstəkləmək məqsədini daşıyır. Proqrama ideya, minimal işlək məhsul və ya sürətlə miqyaslanma mərhələsində olan startaplar müraciət edə bilər. Seçilmiş startaplar “Azure” platformasına çıxış əldə etməklə platformanın süni intellekt və digər alətləri vasitəsilə ideyalarını sınaqdan keçirmək imkanından faydalana biləcəklər.

Posted 
Jan 15, 2025
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All