Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Ölkəmizdə "WhatsApp"ın kanallar funksiyası artıq aktivləşib

Keçdiyimiz günlərdə WhatsApp-ın yeni kanallar xüsusiyyəti təqdim edilsə də, ölkəmizdə tamamilə istifadəyə verilməmişdi. Bu gündən etibarən artıq bütün istifadəçilər üçün yeni xüsusiyyət əlçatan olub. Bu yenilik ilə siz WhatsApp-da minlərlə yeni kanalı izləyə biləcəksiniz.

“Xbox”ın yeni nəsil konsolunun buraxılış tarixi açıqlanıb

xbox

“Xbox” konsollarının növbəti nəsil versiyalarının nə vaxt çıxacağı bəlli olub. Növbəti nəsil “Xbox” konsolları 2028-ci ildə buraxılacaq. Görünür, “Microsoft”un hazırkı oyun konsolları Xbox Series X Xbox Series S-in yeni modelləri 2028-ci ilə qədər buraxılmayacaq. Bu barədə məlumat federal məhkəmə sənədlərində açıqlanan şirkət rəhbərləri arasında söhbətə əsaslanır.

WhatsApp avatarları ilə video zənglər etmək mümkün olacaq

Avatarlar üzünü göstərmək istəməyən və ya əyləncə axtaran istifadəçilərin sevimli xüsusiyyətidir. Həm animasiya, həm də profil şəkilləri kimi istifadə edilə bilən avatarlar istifadəçilərə öz virtual personajlarını yaratmağa imkan verir. Yeni xəbərə görə, artıq avatarlardan istifadə etməklə video zənglər etmək mümkün olacaq. WhatsApp hazırda bu funksiyanı beta istifadəçiləri üzərində sınaqdan keçirir.

12,5 mindən çox IMEI koda “klon” statusu verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirlərini davam etdirir. Bununla bağlı “AzInTelecom” MMC mütəmadi olaraq, monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Nəticədə surətinin köçürüldüyü aşkarlanan IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin IMEI kodun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər.

Görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 12 589 IMEI koda “klon” statusu verilərək blok edilib. Həmin IMEI kodlar son üç ayda 1 337 478 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 686 371 dəfə şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Bu zaman fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazın bazar qiymətinə uyğun olaraq dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur.

Microsoft PC oyunlarını "Xbox" bulud xidmətinə gətirməyi planlaşdırır

Microsoft PC oyunlarını Xbox bulud xidmətinə gətirmək istəyir. "The Verge" tərəfindən açıqlanan daxili e-poçtlar texnologiya nəhənginin bulud xidmətinə PC oyunlarını gətirməyi planlaşdırdığını göstərir. Elektron məktublar Microsoft və ABŞ Federal Ticarət Komissiyası (FTC) arasında Activision-ın alınması ilə bağlı məhkəmə iddiasından əldə edilib.

Posted 
Sep 19, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All