Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"NVIDIA" robototexnika sahəsində böyük bir sıçrayış olacağını bildirib
"NVIDIA"nın baş alimi Jim Fan yaxın 2-3 ildə robototexnika sahəsində böyük bir sıçrayış olacağını və bu prosesin GPT-3-ün süni intellekt sahəsində yaratdığı inqilabi təsirə bənzər bir inkişaf olacağını qeyd edib. O bildirib ki, robotlar təkcə texniki bacarıqları təkmilləşdirməyəcək, həm də həyatımızın bütün sahələrində daha geniş yayılacaq və əlçatan olacaq.
Yeni "Battlefield" oyununun ilk təfərrüatları açıqlandı
Oyundan ilk tanıtım şəklini paylaşan "EA" yeni "Battlefield" oyununun günümüzdə reallaşacağını rəsmi olaraq açıqlayıb. Bununla belə, yeni "Battlefield" oyununun Avropanın bir ölkəsində baş tutacağı düşünülür. Qeyd edək ki, "IGN" vasitəsilə paylaşılan bu ilk görüntüdə oyun haqqında ətraflı məlumata o qədər də yer verilməyib.
"Netflix" kitabxanasına 2 oyun əlavə olunacaq
"Netflix" kitabxanasına daha iki böyük oyunu əlavə edəcəyini açıqlayıb. Şirkət bu dəfə məşhur "Civilization VI" və "Street Fighter IV: Champion Edition" oyunlarını əlavə edəcəyini bildirib.
Bu yenilik "Netflix"in "2024 Geeked Week" tədbiri zamanı elan edilib və şirkət gələcəkdə oxşar oyunları kitabxanasına əlavə etməyi planlaşdırdığını açıqlayıb.
"Amazon" yeni AI alətini təqdim edib
"Amazon" yeni süni intellektlə işləyən video yaratma alətini yalnız reklamçılar üçün nəzərdə tutub. Şirkət tərəfindən dərc edilən bloq yazısına görə, alət hazırda ABŞ-də bəzi satıcılar üçün əlçatandır.
"Samsung" sərfəli modelləri üçün "Circle to Search" funksiyasını təqdim edib
Süni intellekt funksiyasını bütün istifadəçilərə təqdim etmək üçün çalışan "Samsung" "Circle to Search" funksiyasını "Galaxy A55", "A54", "A35" və "A34" və "Galaxy S21 FE" modelləri üçün əlçatan edib.
"Samsung"un ilk dəfə "Galaxy S24" seriyası ilə elan etdiyi "Circle to Search" funksiyası "Google"un dəstəyi ilə inkişaf etdirilən bir xüsusiyyətdir. Bu xüsusiyyət istifadəçilərə internetdə, sosial mediada və ya hər hansı bir "YouTube" videosunda gördükləri obyekt və ya mətni dairəyə alıb axtarmağa imkan verir.