Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Nə hekayələr yazılacaq... YouTube Music-ə rəy bölməsi gəlir
Yeni funksiya ilə istifadəçilər dinlədikləri mahnıların altına şərh yaza və yazılan şərhləri oxuya biləcəklər. Bundan əlavə, şərhlərə 2 fərqli filtr tətbiq oluna bilər: "Ən populyar" və "Ən son". İstifadəçilərin bəyənmədiyi şərh olarsa, YouTube-da olduğu kimi həmin şərhi platformaya bildirə biləcəklər.
Chrome daxilində parol paylaşmaq mümkün olacaq
Google tezliklə Chrome brauzerində "Password Manager"ə yeniləmə edəcək. Bu yeniləmədən sonra insanlar öz giriş məlumatlarını (Parol və istifadəçi adı) istədikləri 6 fərqli şəxslə paylaşa biləcəklər. Ailə üzvlərinin ortaq istifadəsinə imkan verəcək bu funksiya hazırda inkişaf mərhələsindədir.
WhatsApp yeni interfeys dizaynı üzərində işləyir
WhatsApp Android tətbiqinin yuxarı menyu çubuğundan yaşıl hissəni silməyi planlaşdırır. WABetaInfo tərəfindən paylaşılan yeni interfeysdə WhatsApp-a girdiyiniz zaman yuxarıda gördüyünüz yaşıl hissə açıq interfeys rejimində ağ, tünd interfeys rejimində isə qara rəngdə olacaq. İnterfeys rejimindən asılı olmayaraq WhatsApp loqosu yaşıl rəngdə olmağa davam edəcək.
Səsli və video zəng xüsusiyyəti “X”ə gəlir
Elon Musk “X” hesabından səsli və video zəng funksiyasının gələcəyini açıqladı. “X” şirkətinin baş direktoru Linda Yaccarino da video zəng funksiyasının sosial media platformasına gələcəyini təsdiqlədi. Səsli və video zənglər üçün telefon nömrəsi tələb olunmayacaq. Xüsusiyyətin nə vaxt tətbiq ediləcəyi hələ ki, məlum deyil.
Google Deepfakes-in qarşısını almaq üçün yeni funksiyasını işə salır
Süni intellekt dövründə saxta şəkillər və dezinformasiyalar getdikcə artır. Süni intellekt təsvirlərinin istifadəsinin artması ilə birgə Google Deep Mind “SynthID”in beta versiyasını elan etdi. Alət rəqəmsal su nişanını birbaşa görüntünün piksellərinə yerləşdirməklə süni intellekt tərəfindən yaradılan şəkilləri müəyyən edə biləcək.
Bu qələm ətrafındakı rəngləri boyaya çevirir
"Colorpik Pen" ilə ətrafınızda gördüyünüz rənglərlə kağız üzərində rəsm çəkə bilərsiniz. RGB rəng sensoru hər biri fərqli rəngə malik olan 4 doldurula bilən mürəkkəb kartrici ilə birlikdə "Colorpik Pen"ə inteqrasiya olunub. Müəyyən bir rəngi köçürmək üçün istifadəçilər sensoru istədiyi obyektə yönəldir və skan prosesini başlamaq üçün düyməni sıxırlar. Bundan sonra qələm içindəki mürəkkəbləri qarışdıraraq istənilən rəngi təqdim edir. Seçilmiş rənglər rəqəmsal şəkil çəkərkən də istifadə edilə bilər.