Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
NASA bir il ərzində Mars simulyasiyasında yaşamaq üçün könüllülər axtarır
NASA tam bir il Mars simulyasiyasında yaşamaq üçün könüllülər axtarır. Dörd yeni seçilmiş komanda 2025-ci ildə başlayacaq missiya müddətində Hyustonda üçölçülü çap texnologiyası ilə hazırlanmış 1700 kvadrat metrlik yaşayış sahəsinə yerləşdiriləcək. Yaşayış mühitində çoxlu təcrübələr aparılacaq və Marsda yaşayan bir insanın başına nələr gələcəyini proqnozlaşdırmaq üçün səylər göstəriləcək.
"Spotify"ın şikayəti nəticələndi: "Apple"ı 538 milyon dollar cərimə gözləyir
“Financial Times”ın dərc etdiyi hesabata görə, “Apple” ilk dəfə olaraq Aİ komissiyası tərəfindən cərimələnmək üzrədir. Xəbərə görə, cərimə məbləğinin 500 milyon avro (təxminən 538 milyon dollar) civarında olacağı gözlənilir. Bu qərar "Spotify"ın 2019-cu ildə rəsmi şikayət göndərməsindən sonra başlayan məhkəmə prosesinə əsaslanır.
Regionları əhatə edən “INNOSTART” layihəsinin DemoDay tədbiri keçirilib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü və SUP VC şirkətinin təşkilatçılığı ilə “INNOSTART” layihəsinin DemoDay tədbiri keçirilib.
Regionlarda innovasiya və startap təfəkkür tərzinin formalaşması üçün keçirilən “INNOSTART” layihəsinin inkubasiya mərələsi yekunlaşıb. İnkubasiya proqramında 6 regiondan 12 startap komandası Bakıda keçirilən DemoDay-də çıxış edib. Startaplar yeni investisiyalar cəlb etmək üçün investorlara öz ideyalarını təqdim ediblər.
Tədbirdə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva qurumun regionlarda həyata keçiridiyi proqramlar və planlar haqqında məlumat verib. O, növbəti illərdə bir neçə şəhərdə innovasiya mərkəzlərinin açılacağını bildirib. Həmçinin o, regiondakı gənclərin İT bacarıqlarının inkişafı üçün Technest təqaüd proqramının vacibliyi haqqında danışıb.
Proqramın təşkilatçısı olan SUP VC şirkətinin direktoru Rəşad Eyvazov regionlarda startapların inkişafı və həyata keçirilən proqram haqqında danışıb. O, regionlardakı startapların inkişafı və həyata keçirilən proqramların vacibliyin haqqında məlumat verib.
“INNOSTART” inkubasiya proqramında iştirak edən Zaqatalada qurulan Folt startapı SUP VC şirkətindən 5 000 manat həvəsləndirici investisiya aldı.
“INNOSTART” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə regionlarda startap ekosisteminin inkişafı üçün keçirilən maarifləndirmə proqramıdır. Proqram çərçivəsində inkubasiya proqramı həyata keçirilimişdir. Bu proqram tələbələrə, gənclərə o cümlədən bu sahəyə maraq göstərən hər kəsə innovativ ideyalarını inkişaf etdirməyə və onları uğurlu startaplara çevirməyə kömək etmək üçün nəzərdə tutulmuşdur. Məqsəd bölgələrdəki gənclərin potensialını kəşf etmək ,öz startap və bizneslərini qurmaq üçün təlimlər keçərək, bu sahəyə daha da həvəsləndirmək, onlara dəstək olmaqdır. Proqram çərçivəsində ölkənin 6 müxtəlif regionunda (Şəki, Zaqatala, Mingəçevir, Gəncə, Lənkəran, Sumqayıt) intensiv təlimlər keçirilir. “INNOSTART” inkubasiya proqramı startap hərəkatını gücləndirmək, innovativ inkişafı təmin etməyi hədəfləyir.
"WhatsApp Web" üçün yeni xüsusiyyət təqdim olundu
Keçən həftə "WhatsApp" söhbət kilidi funksiyasını həm Android, həm də iOS-da bütün cihazlara təqdim etdi. İndi o, mesajlaşmaya əlavə təhlükəsizlik və məxfilik gətirmək üçün veb versiyası üçün gizli kod funksiyasını inkişaf etdirir. Gizli kod funksiyasının hələ sınaq mərhələsində olduğu və gələcəkdə “WhatsApp Web” yeniləməsi ilə birlikdə istifadəyə veriləcəyi açıqlanıb.
Azərbaycanda bələdiyyələrin 95 %-nin elektron xəritəsi hazırlanıb
Azərbaycanda bələdiyyələrin 95 %-nin elektron xəritəsi artıq hazırdır. Bununla bağlı, ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə Regional məsələlər komitəsinin fevralın 19-da keçirilən iclasında çıxışı zamanı deyib. Nazir müavini bildirib ki, dekabrda təqdim edilən son məlumata əsasən, artıq 1323 bələdiyyənin elektron xəritəsi hazırdır, 37-si isə hazırlanaraq razılaşmaya təqdim edilib. Onun sözlərinə görə, bununla bağlı İqtisadiyyat Nazirliyinə müraciət edilib və işlər yekunlaşmaq üzrədir:
“Əsas məsələ xəritələrin razılaşdırılması prosesidir. Hələ başa çatmamış müəyyən işlər var. Bu sahədə aidiyyəti qurumlarla mütəmadi görüşlər keçirilir".