Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Minecraft 300 milyondan çox nüsxə satdı
Dünyanın ən populyar oyunlarından biri olan Minecraft-ın istifadəçi sayı 300 milyonu keçib. Bu mövzuda açıqlama verən Mojang Studios-un prezidenti Helen Chiang bildirib:
“Minecraft 300 milyondan çox satılaraq bütün zamanların ən çox satılan oyunlarından biridir".
Ən çox satılan ikinci oyun Grand Theft Auto V, son açıqlamaya görə 185 milyon satışa çatıb.
Twitch mobil tətbiqinə "hekayələr" funksiyası gəlir
Twitch rəsmisi Eduardo Fenili yeni istifadəçiləri, streamerləri kəşf etməyi asanlaşdıracaq "Hekayələr" funksiyası haqqında bunları deyib: "Bu yeni xüsusiyyət sayəsində siz izləyicilərinizlə asanlıqla əlaqə saxlaya biləcəksiniz”. Qeyd edək ki, mobil tətbiqdə paylaşılan hekayələr 48 saat sonra silinəcək.
Ölkəmiz yaxın 4 il ərzində tamamilə rəqəmsal radio yayım sisteminə keçid edə bilər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı” təsdiq edilib. Bildirilib ki, Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrdə rəqəmsal radionun tətbiqinə başlanılması Azərbaycanda da bu standarta keçid edilməsini zəruri edib.
Migros ən yeni texnologiyası "Flying Market"i təqdim edib
Yeni texnologiyalar ilə alış-veriş təcrübəsini daha da yaxşılaşdıran Migros "Flying Market" xüsusiyyətini təkmilləşdirir. Reklam çarxında dəniz kənarında oturmuş dostların market sifarişlərini “drone” vasitəsilə heç bir yerə getmədən əldə etdiklərini görürük. Bununla da, Migros müştərilərin ehtiyaclarını asanlıqla əldə etməsini hədəfləyir.
iPhone-lar artıq qutularında olanda belə yenilənə bilər
Apple üzərində işlədiyi yeni texnologiya sayəsində iPhone-ları mağazada qutularında ikən yeniləyə biləcək. Sözügedən texnologiya iPhone-da proqram yeniləməsini işə salır və sonra onu yenidən söndürür. Hesabatda yalnız iPhone-lardan bəhs edilsə də, bu fikrin Apple-ın digər məhsullarına da şamil ediləcəyi düşünülür. 2023-cü ilin sonuna qədər Apple mağazalarında bu sistemə keçiləcəyi iddia edilir.
Ferrari kriptovalyuta ilə avtomobil satmağa başlayıb
Ferrari avtomobillərinin kriptovalyuta ilə alışını əlçatan edib. Mövzu ilə bağlı açıqlama verən Ferrari sözçüsü müştərilərinin bir çoxunun kriptovalyutalara sərmayə qoyduğunu ifadə edib. Yeni qərarın kriptovalyuta ilə bağlı gələn tələblərə cavab olaraq alındığı bildirilib. Qeyd edilib ki, bu tələb daha çox gənc investorlar tərəfindən irəli sürülüb.