Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"AST SpaceMobile" öz peyklərini buraxacağı tarixi açıqlayıb
"Starlink" rəqibi "AST SpaceMobile" ilk kommersiya peyklərini buraxacağı tarixi açıqlayıb. Şirkətin verdiyi məlumata əsasən, buraxılış sentyabrın 12-də, saat 12.53-də (UTC) ABŞ-nin Florida ştatındakı Kanaveral burnunda həyata keçiriləcək.
Peyklərin öhdəsinə götürəcəyi ən mühüm vəzifələrdən biri şirkətin investorları olan "AT&T" və "Verizon" üçün ABŞ daxilində qeyri-aktiv bölgələrə şəbəkə təmin etmək olacaq.
Keçmiş "OpenAI" rəhbərinin yeni şirkəti 1 milyard dollar investisiya alıb
Süni intellekt dünyasının aparıcı adlarından biri olan İlya Sutskever "OpenAI"dan ayrıldıqdan sonra "Safe Superintelligence Inc" şirkətini qurdu. Onun yeni təşəbbüsü olan "Safe Superintelligence" cəmi 3 ay ərzində 1 milyard dollar sərmayə toplayıb.
Sutskever bu şirkəti 2024-cü ilin iyununda keçmiş "OpenAI" tədqiqatçısı Daniel Levy və "Apple"ın keçmiş süni intellekt lideri Daniel Qross ilə birlikdə qurdu. Şirkət kommersiya məhsulları əvəzinə insan intellektini üstələyən süni intellektin inkişafı üzərində işləyir.
"ASUS Vivobook S 14" təqdim edildi
"ASUS Vivobook S 14" portativ kompüteri IFA 2024 sərgisində təqdim edilib. “Vivobook S 14” həm gündəlik istifadə, həm də peşəkar iş üçün ideal noutbuk kimi seçilir. 3K və 120Hz yeniləmə sürətinə malik OLED ekranı ilə günəş işığında belə istifadə imkanı təqdim edir.
"Discord"a pulsuz istifadəçiləri məyus edəcək yeniləmə gəlib
"Discord" istifadəçiləri "Nitro" üzvlüyünə cəlb etmək üçün pulsuz xüsusiyyətlərini məhdudlaşdırmağa davam edir. Platforma bu yaxınlarda pulsuz istifadəçilər üçün fayl yükləmə limitini azaldıb. Müvafiq olaraq, "Nitro" hesabı olmayanlar maksimum 10 MB fayl yükləyə biləcəklər.
"YouTube" yeni valideyn nəzarəti funksiyasını təqdim etməyə hazırlaşır
“YouTube” valideynlərə uşaqlarının fəaliyyətini platformada izləyə bilmələri üçün öz hesablarını uşaqlarının hesablarına bağlamağa imkan verən yeni funksiyanı təqdim etməyə hazırlaşır. Bu əlaqə qurulduqdan sonra valideynlər övladlarının kanallarına yüklədiyi videoların sayı, abunəliklər və şərhlər kimi kanal fəaliyyəti haqqında bildirişlər ala biləcəklər.