Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Elon Musk-ın yeni süni intellekti Grok "Tesla" avtomobillərində də yer alacaq
Elon Musk tərəfindən qurulan xAI şirkəti dünən Grok adlı ChatGPT-yə bənzər çatbotunu işə saldı. Bildirilib ki, ChatGPT rəqibi Grok gələcəkdə Tesla avtomobillərinə də daxil olacaq. Bu süni intellekt aləti Tesla avtomobillərində davamlı internetə qoşulmağı tələb etməyəcək. Grok sürücülərə bir çox fərqli mövzuda məlumat verərək avtomobili daha yaxşı idarə etmək üçün imkan yaradacaq.
WhatsApp üçün tezliklə yeni funksiyalar gələcək
WhatsApp yeni funksiyalar inkişaf etdirməyə davam edir. WABetainfo tərəfindən verilən məlumata görə, şirkət hazırda videolarda 10 saniyə irəli və 10 saniyə geri sürətlə hərəkət etməyə imkan verən yeni funksiya üzərində işləyir. Bu infrastruktur istifadəyə verildikdə videoda geri qayıtmaq üçün sol hissəyə, irəli getmək üçün isə sağ hissəyə ardıcıl 2 dəfə toxunmaq kifayət edəcək.
OpenAI istifadəçilər üçün xüsusi GPT inkişaf etdirir
OpenAI şirkəti GPT Builder ilə özəl GPT dövrünə başlayır. Şirkət bu axşam ilk developer konfransını keçirəcək və tədbirdə bir çox elanlar verəcək. Bu elanlar arasında böyük marağa səbəb olacaq GPT Builder sisteminin də olacağı bildirilib. “Magic Maker” kimi də tanınan bu sistem sayəsində insanlar öz məqsədlərinə və istəklərinə uyğun olaraq xüsusi GPT yarada biləcəklər.
"Fortnite" buraxıldıqdan 6 il sonra oyunçu sayı rekordunu qırıb
"Fortnite"ın orijinal xəritəsinin oyuna yenidən daxil edilməsi rekord qırıb. Həm "online" oyunçuların sayı, həm ümumi oyunçular, həm də oyun müddətində rekordlar qırılıb. "Fortnite"ın rəsmi X hesabında edilən açıqlamaya görə, orijinal xəritənin buraxılması ilə 44,7 milyon oyunçu "Fortnite" oynayıb. Bu müddət ərzində oyuna qatılanların keçirdiyi ümumi vaxt 102 milyon saat olaraq qeydə alınıb.
Bir YouTuber taxtadan Tesla Cybertruck hazırlayıb
YouTube kanalı "ND - Woodworking Art" bu dəfə taxta gövdədən ibarət Tesla Cybertruck hazırlayıb. Bu videoda biz taxta panelləri, kokpiti və oturacaqları olan orijinal avtomobildən ölçülərinə görə kiçik olan Cybertruck görürük. Daha əvvəl bir-birindən maraqlı taxta maşınlar istehsal edən kanal hazırladığı modeli sürə bilir və arxa hissəsində Cyberquad ATV-ni də daşıya bilir.