Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Rəqəmsal ödənişlərdə fırıldaqçılığın qarşısını almaq üçün yeni plan hazırlanacaq
Bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Bakıda bu gün keçirilən Fintex Sammitində deyib. Onun sözlərinə görə, yeni fəaliyyət planında fərqli maarifləndirmə tədbirlərinin həyata keçirilməsi təmin ediləcək.
Azərbaycanda rəqəmsal ödənişlərdə fırıldaqçılıq hallarına qarşı davamlı mübarizənin təşkil edilməsi məqsədilə cari il ərzində yeni fəaliyyət planının tərtib edilməsi nəzərdə tutulub. Bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Bakıda bu gün keçirilən Fintex Sammitində deyib. Onun sözlərinə görə, yeni fəaliyyət planında fərqli maarifləndirmə tədbirlərinin həyata keçirilməsi təmin ediləcək.
"Fırıldaqçılıq əməliyatlarına qarşı mühüm tədbirlərdən biri olan mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılması, baş verən fırıldaqçılıq əməliyyatları haqqında Mərkəzi Bankın dərhal və zamanında məlumatlandırılması üçün texniki imkanların yaradılması, ödəniş xidməti təchizatçılarının əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik", - Z. Nuriyev əlavə edib.
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
"Kaspersky" şirkətinin göstəricilərinə görə, dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır.
Bu barədə "Paşa Bank" ASC-nin nümayəndəsi Araz Həsənzadə Bakıda keçirilən Fintex Sammitində deyib. Onun sözlərinə görə, "WhatsApp+" qeyri-leqal proqramdır:
"Hansıki xakerlər cihazlarımızda olan fərdi məlumatlarımızı, hərəkətlərimizi, hətta telefonumuza gələn SMS-lərə qədər oxuyur. Həmin məlumatları 3-cü tərəflərə ötürür. Bunun əsasında hətta icazə vermişiksə, cihazlarımızı idarə edə bilir. Sizin xəbəriniz olmadan, xüsusən gecə vaxtı ekran qaralır, PİN-kod daxil edilir və mobil əlavəyə müdaxilə olunaraq pul köçürülür, səhər durub görürsünüz ki, kartda pul yoxdur.
Xəbəriniz belə olmadan fırıldaqçılıq baş verir. Ancaq bunların qarşısını almaq üçün də banklar daimi əsasda öz tədbirlərini görürlər", - A. Həsənzadə bildirib.
Azərbaycanda son 2 ildə internetin orta sürəti 94% artıb
Azərbaycanda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 80 %-dən çoxu genişzolaqlı internetə çıxış əldə edib. Bu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Baş direktoru Tural Pirverdiyev Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında deyib. "Son 2 ildə ölkədə internetin orta sürəti 94% artıb. Sürətin daha da artırılması istiqamətində fəaliyyətimiz davam edir", - deyə o qeyd edib.
Yaxın 3-4 ildə Azərbaycanda bankçılıq sistemi dəyişəcək
Yaxın 3-4 ildə Azərbaycan insan müdaxiləsi olmadan işləyən bankçılıq və ödəniş sistemlərinə sahib olacaq.
Azərbaycanın maliyyə sektoru texnoloji həllərin, machine learing (ML) və blokceyn texnologiyalarının tətbiqi, eləcə də mövcud risk idarəetmə sistemlərinə inteqrasiyası ilə yaxın gələcəkdə (3-4 ildə) insan müdaxiləsi olmadan işləyən bankçılıq və ödəniş sistemlərinə sahib olacaq.
Bu barədə Maliyyə Monitorinq Xidmətinin nəzarət və hüquq-mühafizə orqanları ilə iş üzrə departamentinin direktoru Nurlan Babayev Bakıda keçirilən Fintex Sammitində deyib. Onun sözlərinə görə, eyni zamanda bu bankçılıqda ənənəvi bankçılıqla müqayisədə risklər kifayət qədər aşağı olacaq:
"Bununla da maliyyə sektorunun bütövlüyü və təhlükəsizliyi də qorunacaq. Təxmini arzu etdiyim sistem budur. Tənzimləyicilər olaraq da bunun fərqindəyik. Hesab edirik ki, istər elektron pul, istərsə də ödəniş təşkilatları risklərin ölçülməsində maraqlı olmalıdır".
İllərdir gözlənilən “The Division Heartland” oyunu ləğv olundu
İstehsalın adətən 2021 və ya 2022-ci ildə buraxılacağı gözlənilirdi. Lakin bu baş vermədi və illərdir oyunla bağlı çox inkişaf görmədik. Bununla belə, oyunu gözləyənləri məyus edəcək bir açıqlama elan olunub. Belə ki, "Ubisoft" "The Division Heartland"ı ləğv etdiyini açıqlayıb.