Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Azərbaycanda texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərin verilməsi elektronlaşdırılıb
Məlumata görə, Dövlət Xidməti vətəndaş məmnunluğunun yüksəldilməsi, daşınmaz əmlakın qeydiyyatı sisteminin təkmilləşdirilməsi və xidmət prosedurlarının sadələşdirilməsi məqsədilə yeniliklərin tətbiqini davam etdirir. Son yeniliklərdən biri texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərin elektron formatda təqdim edilməsi imkanıdır. Belə ki, əvvəllər kağız daşıyıcıda verilən texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədləri 1 fevral 2024-cü il tarixindən etibarən elektron qaydada təqdim olunur.
Həmin sənədlərin elektron imza ilə təsdiqlənmiş elektron nüsxəsi SMS bildirişi vasitəsilə müraciət edən şəxslərə göndərilir. Vətəndaşlar həmçinin, SMS bildirişi vasitəsilə göndərilən linkə daxil olmaqla, “Xəritədə bax” düyməsini sıxaraq daşınmaz əmlakın ünvanını da onlayn xəritədə müəyyənləşdirə bilərlər.
Çıxarışların elektron qaydada verilməsindən sonra texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin də elektronlaşdırılması nəticəsində hazır sənədlərin əldə edilməsi üçün xidmət məntəqələrinə gəlmək zərurəti tamamilə aradan qaldırılıb. Bu da, vətəndaşlara vaxta qənaət etmək imkanı yaradır.
Yaponiyada ilk avtonom taksi xidməti istifadəyə veriləcək
“Toyota Motor” 2024-cü ilin yayından başlayaraq Daiba ərazisində avtonom taksi xidmətinə başlamağı hədəfləyir. Bunun üçün təhlükəli vəziyyətlərin proqnozlaşdırılmasına imkan verən süni intellekt texnologiyası ilə təchiz edilmiş “Toyota Sienna”dan istifadə olunacaq. Avtomobil Daiba küçələrində avtonom şəkildə hərəkət edə bilsə də, idarəetmə və təhlükəsizlik üçün içəridə bir sürücü olacaq.
"Joby Aviation" Birləşmiş Ərəb Əmirlikləri ilə uçan taksi müqaviləsi imzalayıb
"Joby Aviation" uzun müddətdir ki, uçan taksilər sahəsində adından bəhs etdirir. Şirkət bu yaxınlarda Birləşmiş Ərəb Əmirlikləri ilə uçan taksi müqaviləsi imzaladıqlarını açıqlayıb. Bu müqavilə vasitəsilə "Joby" 2026-cı ildən etibarən Dubayda kommersiya məqsədli uçan taksi əməliyyatlarına başlayacaq. Müqavilə şirkətə altı il müddətinə Dubayda uçan taksilər idarə etmək hüququ verir. Əlavə olaraq dörd "Vertipport" da (eniş / uçuş sahəsi)" Dubayda tikiləcək.
ChatGPT gəlirləri 2 milyard dolları keçdi
Açıqlamaya görə, "OpenAI"ın illik gəliri 2023-cü ilin dekabrında 2 milyard dolları keçib. 2023-cü ilin oktyabr ayında illik gəlir 1,3 milyard dollar civarında idi. Cəmi iki ay ərzində çox böyük gəlir əldə edilib. Şirkətin 2025-ci ildə illik gəlirini 4 milyard dollardan çox artıracağı gözlənilir.
Xbox rəhbəri konsolların istehsalına davam edib-etməyəcəyini açıqlayıb
Oyun yazarı Shannon Lia tərəfindən paylaşılan məlumata görə, Xbox rəhbəri Phil Spencer bu yaxınlarda Xbox işçiləri ilə görüş keçirib. O görüşdə "Microsoft"un konsol istehsalını dayandırmağı planlaşdırmadığını və Xbox-ın Microsoft-un "çox platformalı" strategiyasının bir hissəsi olaraq mövcud olmağa davam edəcəyini açıqlayıb.