Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"ChatGPT"nin yeni səs rejimi təxirə salındı!
"OpenAI" “ChatGPT”nin çoxdan gözlənilən təkmilləşdirilmiş səs rejiminin təxirə salındığını elan edib. Plus üzvlərinə təklif olunacaq bu yeni rejim ən azı bir ay sonra gələcək.Bu yeni rejim buraxıldıqdan sonra kiçik qrupda sınaqdan keçiriləcək və rəylər alınacaq. Bundan sonra o, təkmilləşdiriləcək və daha çox istifadəçiyə çatmağa başlayacaq. Şirkət payızda bütün Plus abunəçiləri üçün səs rejimini təqdim etməyi planlaşdırır.
"Apple Watch Series 10" dizaynı sızdırılıb
Yeni “Apple Watch Series 10" modelinin 3D dizayn şəkilləri sızdırılıb. Cihaz nəhəng 2 düymlük ekranla gələcək. İddialara görə, bu yeni saatın ölçüləri 46×39,7×11,6 mm olacaq. Bununla belə, ən böyük dəyişikliklərdən biri kəmər əlavəsinin maqnit olması ola bilər. Bu, saatı taxıb çıxarmağı daha da asanlaşdıracaq. Apple Watch 10-un korpusunun qalınlığı 11,6 mm olaraq göstərilib. Bu, Series 9-un 10,7 mm qalınlığından bir qədər çoxdur.
Ancaq bəzi söz-söhbətlərə görə, Apple Watch 10-un əslində daha incə korpusla çıxacağı deyilir. Hansı məlumatın doğru olduğunu öyrənmək üçün bir az daha gözləməli olacağıq.
"AirPods" modelləri üçün yeniləmə gəlib
"Apple" “AirPods” modelləri üçün proqram təminatı yeniləməsini əlçatan edib. Yeniləməni aktiv etmək üçün “AirPod”larınızı şarj edərkən, Wi-Fi-a qoşulmuş iPhone, iPad və ya Mac ilə birləşdirməyiniz lazım olacaq. Qeyd edək ki, şirkət bu yeniləmə ilə bağlı hər hansı bir məlumat paylaşmayıb.
"Amazon" "Project P.I." AI modeli ilə qüsurlu məhsulları müəyyən edə biləcək
"Amazon"un süni intellekt modeli "Project P.I." (Private Investigator) milyonlarla məhsulu skan edərək qüsurları aşkar edir və müştəri məmnuniyyətini ən yüksək səviyyədə saxlamağı hədəfləyir. Bundan əlavə, "Amazon"un bu sistemi qurmasının digər məqsədi məhsulun çatdırılması və qaytarılması proseslərində karbon izini minimuma endirmək və davamlılıqda fərq yaratmaqdır.
"Amazon"dan sifariş edilən hər bir məhsul müştəriyə göndərilməzdən əvvəl baxış tunelindən keçir. Bu tuneldə "Project P.I." məhsulu kompüter görmə texnologiyası ilə skan edir və əyilmiş kitab örtüyü və ya yanlış rəng seçimi kimi qüsurları müəyyən edir. Qüsur aşkar edilərsə, məhsul dərhal təcrid olunur və oxşar məhsullarda eyni problemin olub-olmadığı araşdırılır. Növbəti mərhələdə "Amazon" işçiləri işə daxil olaraq Project P.I tərəfindən qeyd olunan məhsulları araşdırır və bu məhsulların "Amazon"un "Second Chance" platformasında endirimli qiymətə satılıb-satılmayacağına, bağışlanacağına və ya başqa məqsədlə istifadə ediləcəyinə qərar verir.
"NASA" və "SpaceX" Beynəlxalq Kosmik Stansiyanı orbitdən çıxarmaq üçün razılığa gəliblər
"NASA" ilə "SpaceX" arasında 843 milyon dollarlıq müqavilə imzalanıb. Bu razılaşma çərçivəsində "SpaceX" Beynəlxalq Kosmik Stansiyanı orbitdən çıxaracaq. "NASA" ilə müqavilə çərçivəsində "SpaceX" Beynəlxalq Kosmik Stansiyanı orbitdən çıxaracaq yeni kosmik gəmi hazırlayacaq. "NASA" bütün proses boyunca "SpaceX"ə kömək edəcək. Bundan əlavə, əməliyyatın idarə edilməsi də "NASA"nın əlində olacaq.
1998-ci ildə kosmosa göndərilən Beynəlxalq Kosmik Stansiya hesablamalara görə 2030-cu ildə yararsız hala düşəcək. Bu nəhəng qurğu həmin tarixdən sonra kosmosun dərinliklərinə göndəriləcək. Bu yolla orbitdə bu qədər böyük həcmə sahib kosmik tullantının qarşısı alınacaq.