Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Range Rover” Electric V8 səviyyəli performansla gəlir
Tamamilə elektriklə işləyən "Range Rover" Electric V8 səviyyəli performansla çıxış edəcək. Bu avtomobili əvvəlcədən sifariş etməyi düşünənlər üçün gözləmə siyahısı da açılıb. Şirkətin məlumatına görə, avtomobil bütün digər elektrikli yolsuzluq avtomobillərini geridə qoyacaq. Açıqlamaya görə, Land Rover virtual aləmdə bu maraqlı yeni modelin inkişaf işlərinə artıq başlayıb.
"Google" ən populyar axtarışlar üçün interaktiv sayt hazırlayıb
"Google" ən populyar axtarışlar üçün xüsusi olaraq oyun tərzində interaktiv sayt hazırlayıb. Şirkət 1999-2023-cü illər arasında olan ən populyar axtarışlar üçün xüsusi olaraq əyləncəli bir sayt istifadəyə verib. Bu interaktiv saytda Pikaçudan tutmuş Taylor Swift və Beatles-a qədər müxtəlif şəkillər mövcuddur.
Böyük Britaniyadakı hakimlərə “ChatGPT”dən istifadə etməyə icazə veriləcək
Texnologiyanın inkişafı ilə birgə artıq bir çox işlər süni intellekt vasitəsilə görülməyə başlanılıb. Son xəbərlər süni intellektin artıq məhkəmə sistemində fəal şəkildə istifadə olunacağını ortaya qoyur. Belə ki, Birləşmiş Krallıqda qəbul edilmiş qərara əsasən, hakimlərin məhkəmə prosesində ChatGPT-dən istifadə etməsinə icazə verilib.
Jeff Bezosun kosmik şirkəti “Blue Origin” uzun müddətdən sonra missiyaya başlayır
"Amazon"un qurucusu Jeff Bezosun özəl kosmik şirkəti "Blue Origin" uzun fasilədən sonra yenidən missiyaya başlayacaq. Blue Origin dekabrın 18-də NS-24 adlı missiyanı yerinə yetirəcək. Bu pilotsuz missiya çərçivəsində New Shepard raketi ilə 33 fərqli elm və tədqiqat yükü kosmosa daşınacaq.
Kosmik tullantılar üçün qalıcı həll yolu gələ bilər
Peyklərin sayı artdıqca Yer kürəsinin ətrafında dövr edən kosmik tullantıların miqdarı da artır. Kosmosda qurulacaq yanacaqdoldurma məntəqələrinin bu problemi həll edəcəyi gözlənilir. Bu yanacaqdoldurma məntəqələri peyklərin davamlı işləməsinə kömək edərək orbitə daxil olan kosmik tullantıların miqdarını azaldacaq. Bu yolla planet kosmosdakı yüklərdən və zibillərdən qismən xilas ola bilər.