Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Apple" maliyyə hesabatını açıqlayıb
"Apple" 2024-cü maliyyə ilinin üçüncü rübündə 85,78 milyard dollar gəlir əldə edib ki, bu da keçən illə müqayisədə 5 % artım deməkdir. Səhm üzrə mənfəət isə 11 % artaraq 1,40 dollara çatıb. Bu nəticələr "Apple"ın güclü maliyyə göstəricilərini və bazarda lider mövqeyini qoruduğunu göstərdi.
Bununla belə, Tim Kuk bəyan edib ki, şirkət "Apple Intelligence" xidmətinin inkişafı üçün daha çox resurs ayıracaq. Yeni xidmətin bu payızda istifadəyə verilməsi planlaşdırılır.
ABŞ Konqresində orta məktəb şagirdləri lobbiçilik edib
Amerikada 300-dən çox orta məktəb şagirdi Uşaqların Onlayn Təhlükəsizliyi Aktına (KOSA) qarşı lobbiçilik etmək üçün Konqresə gedib. Qanun Senatda böyük səs çoxluğu ilə qəbul edilib və uşaqları onlayn zərərlərdən qorumaq məqsədi daşıyır.
Qanun Senatda 91 səslə qəbul edilərkən, gənclər bu qanunun onları kifayət qədər yaxşı anlamadığını müdafiə ediblər. ACLU-nun rəhbərlik etdiyi tələbələr qanunun azadlıqları məhdudlaşdıracağını bildirdilər. Bəzi senatorlar qanunun xüsusilə transgender gənclərə qarşı ayrı-seçkilik yarada biləcəyini qeyd edib.
Qanundakı bəzi dəyişikliklərdən sonra isə LGBTQ+ qrupları razılaşaraq etirazlarını geri götürüblər.
"Intel" tarixində ən böyük ixtisarlardan biri başlayır!
"Intel"də kütləvi ixtisar prosesi təxminən 19 min insanın işini itirməsi ilə nəticələnə bilər.
"Intel"in CEO-su Pat Gelsinger işçilərinə göndərdiyi elektron məktubda böyük kütləvi ixtisar prosesindən danışıb. Hazırda "Intel"də 125 mindən çox işçi var və yaxın gələcəkdə bu rəqəm azalacaq.
Şirkət 2024-cü ilin birinci rübündə 437 milyon dollar zərər verdiyini bildirib. 2-ci rübdə vəziyyət daha da pisləşib və bu dəfə 1,6 milyard dollar itki qeydə alınıb. Kütləvi ixtisar prosesi sayəsində şirkətin 2025-ci ilə qədər 10 milyard dollar qənaət etməsi planlaşdırılır.
Bununla yanaşı, həyata keçirilən layihələr və xərclər də nəzərdən keçiriləcək. "Lazımsız" hesab edilən layihələr ləğv ediləcək. Şirkət daha sonra əlavə 4 min nəfərlə yollarını ayıra bilər. Beləliklə, ümumi iş itkisinin 19 minə çatacağı düşünülür.
"Bending Spoons" "WeTransfer" xidmətini satın alıb
İtaliyada yerləşən şirkətin "WeTransfer"i alması şirkətin rəqəmsal portfelini genişləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
"WeTransfer" son on ildə 600 min abunəçiyə və 80 milyon aylıq aktiv istifadəçiyə çatıb. Şirkət 2015-ci ildə 25 milyon dollar, 2019-cu ildə isə 35 milyon avro investisiya alıb. Bu alış "WeTransfer"in biznes modelində və qiymətlərində dəyişikliklərə gətirib çıxara bilər ki, bu da mövcud istifadəçilər üçün əhəmiyyətli təsirlər göstərə bilər.
"Google" yeni süni intellekt modellərini təqdim etdi
"Google"un yeni "Gemma 2" süni intellekt modelləri təqdim edilib. Yeni təqdim olunan "Gemma 2 2B", "ShieldGemma" və "Gemma Scope" modelləri təhlükəsizlik və şəffaflığa xüsusi diqqət yetirmək üçün nəzərdə tutulub.
Noutbuk və planşetlərdə də işləmək üçün kifayət qədər yüngül olan "Gemma 2 2B" istifadəçilərə süni intellekti daha əlçatan etməyə imkan verir.
"ShieldGemma" isə süni intellektin təhlükəsizliyində mühüm problemin həllinə diqqət yetirir.
"Gemma Scope" tərtibatçılara süni intellekt modellərinin iş mexanizmləri haqqında daha dərin məlumat təklif edir. Bu model sayəsində tərtibatçılar Gemma 2-nin məlumatları necə emal etdiyini və onun proqnozlarını necə yaratdığını daha yaxşı başa düşə biləcəklər.
Bundan əlavə, "Google" yeni modellərin müəyyən kommersiya və tədqiqat məqsədləri üçün istifadə oluna biləcəyini açıqlayıb.