Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Süni intellekt Paint proqramına da gəlir
Məlumata görə, Microsoft Windows 11 Paint-ə Bing-in "Image Creator"una bənzər şəkillər yaratmağa imkan verən süni intellekt alətlərini daxil edəcək. Bu süni intellektə göstərişlər verməklə müxtəlif vizual görüntülər hazırlaya biləcəksiniz. Təkcə Paint deyil, "Snipping Tool" da AI inteqrasiyası əldə edəcək. Bu funksiya “Snipping Tool” ilə çəkilmiş skrinşotlardan mətni köçürməyə imkan verəcək.
“Viveka Company Creation Program”a start verilib
Proqram iştirakçıları Türkiyənin ən qabaqcıl startap mentorlarından startap quruculuğunda biznes model, texnoloji həllər, hüquq, maliyyə, əməliyyat, marketinq və digər aspektləri özündə ehtiva edən həm nəzəri, həm də praktiki biliklər əldə edəcəklər. Qeyd edək ki, təlimlər hibrid formatda (onlayn/oflayn) olacaq. Seçim mərhələlərini uğurla tamamlayan ən uyğun 30 startap komandası “Viveka Company Creation Program”da iştirak hüququ əldə edəcək. Proqrama Azərbaycanda startap fəaliyyəti ilə məşğul olan və ya öz startapını qurmaq arzusunda olan universitet tələbələri və ya yeni məzunlar müraciət edə bilər. Müraciət edən komanda üzvlərindən ən az bir nəfər universitet tələbəsi olmalıdır. Son müraciət tarixi 24 avqust, 2023-cü ildir.
“AzerTelecom” və “Kazakhtelecom” şirkətləri birgə əməkdaşlıq edib
Əməkdaşlıq çərçivəsində “AzerTelecom” və “Kazakhtelecom” şirkətləri Xəzər dənizinin dibi ilə Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi ilə bağlı birgə müəssisə yaradıblar. Həmin müəssisə Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi və istismarına cavabdeh olacaq. Xəzər dənizinin dibi ilə çəkiləcək kabel xəttinin uzunluğu 380 km, məlumat ötürmə qabiliyyəti isə 400 terabit/s-ə qədər təşkil edəcək.
“4Sİ Akademiyası” layihəsinə start verilib
“4Sİ Akademiyası” pilot layihəsi çərçivəsində 1 il ərzində 10 minə yaxın şəxs “Coursera”nın təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşula biləcək. Layihənin məqsədi ölkədə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Pilot layihə çərçivəsində müraciətlərin qəbulu 23 avqust 2023-cü il tarixindən başlayıb, 7 sentyabr 2023-cü il tarixində isə başa çatacaqdır.
Turkcell və Azərbaycanın kiber texnologiya şirkəti Quantum əməkdaşlıq edib
Turkcell-in kibertəhlükəsizlik üzrə məhsul və xidmətləri Quantum Cyber Technology ilə əməkdaşlıq çərçivəsində Azərbaycan bazarına açılacaq. İmzalanan bu müqavilə ilə Turkcell Azərbaycanda başda maliyyə sektoru olmaqla müxtəlif qurum və şirkətlərə kiberhücumların monitorinqi-qarşısının alınması, kibertəhlükə kəşfiyyatı, zəifliklərin idarə edilməsi kimi texnoloji xidmətlər təqdim edəcək.