Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

545 milyon manatdan çox ƏDV məbləği qaytarılıb

ƏDV Geri Al - Google Play'də Tətbiqlər

Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, 2024-cü ilin 2 ayı ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 29,6 milyon manatı geri qaytarılıb.

Alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial portalında indiyədək 2,7 milyondan çox istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2024-cü ilin 1 mart tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1,4 milyarddan çox kassa çeki üzrə 545,2 milyon manat ƏDV məbləği geri qaytarılıb.

Qeyd edilib ki, vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələr aparmasına stimullaşdıran “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

Ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 97 mindən çoxdur. 2024-cü ilin yanvar-fevral ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 3,5 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz çoxdur.

Azərbaycan-Fransız Universitetində “Pitch ‘N Bite x Sushi” tədbiri keçirilib

Martın 6-da Azərbaycan-Fransız Universitetinin (UFAZ) Sahibkarlıq və İnnovasiya Mərkəzində “Pitch ‘N Bite x Sushi” tədbiri baş tutub. Tədbirdə ilkin mərhələdə olan üç startap komandası (“OpenConnect”, “CodePays” və “LearnEd”) innovativ ideyalarını təcrübəli təsisçilərdən, investorlardan və mentorlardan ibarət panelə təqdim ediblər.

Startapçılar təqdimatlarını başa vurduqdan sonra panel üzvlərinin suallarını cavablandırıblar və onlardan rəy və məsləhətlər alıblar.

Tədbirin sonunda keçirilən şəbəkələşmə sessiyasında iştirakçılar “IL Patio & Planet Sushi Azerbaijan”-ın təqdim etdiyi dadlı suşilərə qonaq olublar.

Qeyd edək ki, UFAZ Sahibkarlıq və İnnovasiya Mərkəzi 2023-cü ilin martında yaranmışdır. Mərkəzin məqsədi UFAZ və digər universitetlərin tələbələrinə startaplar yaratmaqda və onları davamlı bizneslərə çevirməkdə dəstək olmaqdır.

Mərkəzin həyata keçirdiyi proqram və tədbirlərdən xəbərdar olmaq və müraciət etmək üçün mərkəzin Instagram hesabını izləyə bilərsiniz:

https://www.instagram.com/ufazinnovation/

45 dövlət qurumunun nümayəndələri rəqəmsal hökumət quruculuğu ilə bağlı bir araya gəliblər

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə  “digital.leadership” proqramının növbəti görüşü baş tutub. İRİA-nın sədr müavini Rəşad Xalıqov tədbiri giriş sözü ilə açıb. Görüşün mahiyyəti haqqında danışarkən Agentlik rəsmisi ölkədə rəqəmsal transformasiyanın əlaqələndirilməsi və rəqəmsal gələcəyin qurulması işinin daha səmərəli təşkili baxımından bu görüşlərin müstəsna əhəmiyyətini vurğulayıb. 

“Azərbaycan indiyə qədər rəqəmsal hökumət quruculuğunda mühüm irəliləyişlər əldə edib. Bu görüşləri keçirməkdə məqsədimiz rəqəmsal transformasiya kontekstində yaxın gələcək üçün yeni perspektivləri dəyərləndirmək və üzləşə biləcəyimiz çağırışlarla bağlı adekvat həllərin tətbiqi istiqamətində ortaq fəaliyyət strategiyasını müəyyənləşdirməkdir”, - deyə İRİA-nın sədr müşaviri Şahin Əliyev “digital.leadership” çərçivəsində baş tutan görüşlər haqqında fikrini paylaşıb. 

Tədbirdə, həmçinin İRİA-nın Data İdarəolunması departamentinin müdiri Kamran Ağayev “Data əsaslı idarəetmə” mövzusunda təqdimatla çıxış edib. Çıxışı zamanı o, dövlət sektorunda verilənlər bazasının təkmilləşdirilməsi və data əsaslı qərar vermə mexanizmlərinə keçid zamanı diqqət edilməsi vacib olan məqamlara toxunub. O, İRİA-nın açıq məlumatlar bazasının yaradılması istiqamətində gördüyü işlərdən bəhs edib və digər qurumlarla bu sahədə əməkdaşlığın prioritet olduğuna diqqət çəkib. 

Tədbirin ikinci günündə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal həllərin keyfiyyətinə nəzarət şöbəsinin aparıcı mütəxəssisi İlham Salmanov rəqəmsal hökumət həllərində qiymətləndirmə və monitorinqə dair təqdimatla çıxış edib. Öz çıxışda o, müvafiq dövlət orqanlarının texnoloji avadanlıq və proqram təminatı standartlarına uyğunluğunu qiymətləndirmə və monitorinq proseslərini əhatə edib. O xüsusilə vurğulayıb ki, qiymətləndirmə və monitorinqin məqsədi dövlət informasiya sistemlərinin və ehtiyatlarının, həmçinin elektron xidmətlərin təşkili və göstərilməsi üçün istifadə edilən avadanlıq və texnologiyanın tələblərə uyğunluğunun yoxlanılması və təmin edilməsidir. 

2 gün davam edən tədbirdə biznes təlimçi Fərhad Pərvizinin rəhbərliyində interaktiv müzakirə sessiyaları baş tutub. Müzakirələr zamanı müxtəlif dövlət qurumlarının nümayəndələri Azərbaycanın rəqəmsal gələcəyinə dair geniş fikir mübadiləsi aparıblar. İştirakçıların rəyləri əsasında rəqəmsal transformasiyanın inkişafı, əlaqələndirilməsi, inteqrasiyası və digər müvafiq məsələləri əhatə edən yol xəritəsi razılaşdırılıb. 

Qeyd edək ki, “digital.leadership” Proqramının sayca ikinci görüşündə 45 dövlət qurumunu təmsil edən 65 nümayəndə iştirak edib. Silsilə görüşlər rəqəmsal hökumətə sürətli keçidin təmin edilməsi, rəqəmsal hökumət və rəqəmsal innovasiyalar sahəsində beynəlxalq rəqabətliliyin artırılması, rəqəmsal hökumətin inkişafı və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, habelə dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində vahid koordinasiya üzrə təklif və rəylərin müzakirəsi məqsədilə keçirilir.  

Apple Vision Pro temalı iPhone 15 Pro satışa çıxıb

Caviar iPhone 15

"Caviar" iPhone 15 Pro üçün Vision Pro-dan ilhamlanaraq xüsusi dizayn hazırlayıb. Şirkətin saytındakı məlumata görə, bu xüsusi dizayndan cəmi 99 ədəd istehsal ediləcək. Belə bir iPhone 15 Pro-ya sahib olmaq istəyənlər 128 GB-lıq versiya üçün 8060 dollar ödəyəcəklər. Seriyanın ən bahalı məhsulu 1 TB yaddaş tutumlu iPhone 15 Pro Max olacaq və onu 9560 dollara almaq olar.

Azərbaycanda aviabiletləri artıq taksitlə əldə etmək mümkün olacaq

Airbus A320-200 | Azerbaijan Airline

Azərbaycanın milli aviadaşıyıcısı AZAL ABB ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriya üçün daha da əlçatan edən yeni imkan təqdim edir. AZAL-ın verdiyi məlumata görə, sərnişinlər artıq TamKart kredit kartı ilə aviabiletləri faizsiz və komissiyasız taksitlə əldə edə biləcəklər.

Türkiyənin nəhəng texnologiya şirkəti Azərbaycanda fəaliyyətə başlayır

Türkiyənin nəhəng texnologiya şirkəti, proqram təminatının hazırlanması, sistem inteqrasiyası, texnologiya xidmətləri sahəsində 27 ildən çox təcrübəyə sahib olan “Bilge Adam” Azərbaycana gəlir.

Şirkət İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə ötən il 19 aparıcı türk şirkətinin Azərbaycana səfəri çərçivəsində yerli biznes mühiti ilə tanış olub, əməkdaşlıq formatlarını dəyərləndirib. 

 Bunun nəticəsi olaraq burada öz törəmə şirkətini açacaq şirkət ilk fəaliyyətinə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi  “Technest” təqaüd proqramı ilə əməkdaşlıq çərçivəsində start verəcək . Belə ki, şirkət həm öz texnoloji həlləri ilə, həm də güclü akademik heyəti ilə İKT sektorunda insan kapitalının inkişafına yönəlmiş layihələrdə iştirak edəcək. Şirkətin növbəti dövrlərdə Azərbaycanda fəaliyyətini və xidmət sahələrini genişləndirməsi nəzərdə tutulur. 

Xatırladaq ki, 22 fevral tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “Bilge Adam” şirkətinin nümayəndələri arasında ikitərəfli görüş baş tutub. Müzakirələrdə əməkdaşlıq çərçivəsində potensial atılacaq addımlar və hədəflər müəyyən olunub. 

Qeyd edək ki, “Bilge Adam” şirkətinin “Technest”lə əməkdaşlıq çərçivəsində ölkədə rəsmi fəaliyyəti aprel ayından etibarən başlanılması planlaşdırılır.

Posted 
Mar 14, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All