Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Yerli "Nextool" startapı qlobal miqyasda səs gətirib!
Təsisçisi azərbaycanlı gənclər olan Nextool şirkəti qısa müddətdə qlobal texnologiya bazarında böyük uğur qazanaraq “Yahoo Finance” və “Business Insider” kimi nüfuzlu media orqanlarında yer alıb.
Cəfər Nəcəfov və Aqil Zeynalov tərəfindən qurulan şirkət hazırda 10 mindən çox süni intellekt (AI) alətini təqdim edən ən böyük kataloqlardan biridir. Layihə istifadəçilərin ehtiyaclarına uyğun AI alətlərini tapmalarını təmin edərək onları daha əlçatan edir. "Nextool"un həmtəsisçisi Cəfər Nəcəfov qeyd edib ki, başlanğıcda sadəcə "Google Sheet" vasitəsilə müxtəlif AI alətlərini toplayıblar:
“Sonra bu informasiyaları bir platformada yığmaq ideyası yarandı və beləliklə Nextool-u qurduq”.
"Nextool" platformanın inkişafı üçün 1 milyon ABŞ dolları həcmində investisiya cəlb etmək mərhələsindədir. Bu maliyyə dəstəyi platformanın istifadəçi təcrübəsini artırmaq, iOS və Android mobil tətbiqlərinin hazırlanması, eləcə də bazarın genişlənməsi istiqamətində istifadə ediləcək
Azərbaycan Ticarət Forumunun elektron platforması fəaliyyət göstərəcək
Bakıda "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda Azərbaycan Ticarət Forumu işə başlayıb. Tədbirdə bildirilib ki, beynəlxalq ticarət və logistika ilə məşğul olan şirkətlərin birləşdiyi Azərbaycan Ticarət Forumunun elektron platforması fəaliyyət göstərəcək.
Türkiyə markası "Togg" çinlilərə satılacaq?
"Ekonomi" qəzetində yer alan xəbərə görə, "Togg"un yeni İdarə Heyətinin sədri Fuat Tosyalı, avtomobilin çinlilərə satılacağı ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini ifadə edib.
"Microsoft" yeni bir oyun layihəsi ilə gəlir
"Microsoft" yeni bir video ilə əfsanəvi oyun studiyası "343 Industries"in adını "Halo Studios" olaraq dəyişdirdiyini açıqlayıb. Şirkət bununla belə, "Epic Games"in "Unreal Engine" texnologiyasını mənimsədiyini elan edib.
"Xiaomi"nin yeni SUV modeli görüntülənib
"Xiaomi" avtomobil sənayesində bazar payını artırmaq üçün ikinci avtomobili üzərində işləyir. Şirkətin uzun müddətdir üzərində çalışdığı ilk SUV modelinin test sürüşləri zamanı fotoları ortaya çıxıb.