Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək
Azərbaycanda yaşıl texnologiyalara əsaslanan, karbonsuzlaşdırılmış materiallarla iki yeni data mərkəzi tikiləcək.
Data mərkəzləri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin balansında olacaq. Abşeron və Hacıqabul rayonlarında tikiləcək əsas və ehtiyat data mərkəzlərində karbon emissiyalarını minimuma endirmək üçün bir sıra qabaqcıl texnologiya və metodlardan istifadə olunacaq. Ekoloji tarazlığın qorunması məqsədilə hər iki tikilidə enerji səmərəliliyi, sulardan səmərəli istifadə, tullantıların utilizasiyası və təbii soyutma sistemləri kimi innovativ yanaşmalar tətbiq ediləcək.
Artıq hər iki data mərkəzinin inşası üçün dayanıqlılıq və etibarlılıq üzrə beynəlxalq keyfiyyət standartlarını müəyyən edən “TIER 3 Design” sertifikatı alınıb. “AzInTelecom”, eyni zamanda bu data mərkəzləri üçün infrastrukturun ekoloji cəhətdən dayanıqlı olmasını müəyyən edən “LEED v4” beynəlxalq sertifikatı üçün tələb olunan ilkin “LEED” Hesabatı da əldə edib.
Tikinti zamanı torpaq eroziyasını və suyun çirklənməsini minimuma endirmək üçün ətraflı plan hazırlanıb. Bundan başqa tikinti zamanı toz və kimyəvi təsirlərin, dolayı yolla havanın çirklənməsinin qarşısını almaq da prioritet məsələlərdəndir. Data mərkəzlərində günəş enerjisindən istifadəni təmin etmək üçün günəş panelləri quraşdırılacaq ki, bu da dolayı yolla karbon emissiyasının minimuma endirilməsinə kömək edəcək.
2024-cü ildə BMT-nin Qlobal Sazişinə qoşulan “AzInTelecom” fəaliyyətini ekoloji idarəetmə prinsiplərinə uyğunlaşdırmağı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və ekosistemə daha geniş dəstək verməyi özünə hədəf qoyub. Şirkət texnoloji inkişaf və ekoloji məsuliyyət arasında tarazlığı qorumağı hədəfləyir.
“AzInTelecom” MMC Azərbaycanın ən böyük “bulud” provayderi, Cənubi Qafqazda isə “TIER 3” sertifikatını alan ilk qurumdur. Şirkət hazırda 200-dən çox dövlət qurumu və özəl şirkətə “bulud” xidmətləri göstərir.
Ən bahalı animasiya serialı: “Arcane” tarix yazdı!
“League of Legends” oyununun motivləri əsasında hazırlanmış “Arcane” serialı animasiya dünyasında rekord qırıb. Serialın istehsal və tanıtımına təxminən 250 milyon dollar xərclənib. Ümumi 18 bölümdən ibarət olan bu layihə, striminq platformalarındakı ən bahalı animasiya serialı hesab edilir. Bu nəhəng büdcə həm yüksək keyfiyyətli animasiya, həm də genişmiqyaslı reklam kampaniyasına sərf olunub.
"Samsung"un orta seqment telefonlarına 45W şarj dəstəyi gəlir!
"Samsung" "Galaxy A56" modelində ilk dəfə 45W sürətli şarj texnologiyasını təqdim edəcək. Bu xüsusiyyət daha əvvəl yalnız flaqman modellərdə mövcud idi, lakin indi orta seqmentə də gətirilir. Telefonun əsas kamerası 50 MP, ultra-geniş bucaqlı kamerası 12 MP və makro kamerası 5 MP olacaq.
"Gemini" şəxsi məlumatları yadda saxlaya biləcək!
Yenilik ilə birgə istifadəçilər şəxsi məlumatlarını paylaşaraq, "Gemini"ni daha yaxşı formada işləyən fərdi köməkçiyə çevirə biləcəklər. İstifadəçilər iş, hobbi və ya məqsədləri ilə bağlı məlumatları çatbotun “Saved Info” bölməsində saxlayaraq, süni intellektdən daha uyğun cavablar ala biləcəklər.
"F1 Manager 2025" ləğv edildi
“F1 Manager 2025” oyununun rəsmi olaraq ləğv edildiyi elan edilib. Şirkət oyunun inkişaf prosesinə başlamadan bu qərarı verərək resurslarını fərqli layihələrə yönəltməyi planlaşdırır.