Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"OpenAI" müəllimlər üçün AI kursu istifadəyə verib
"OpenAI" "Common Sense Media" ilə əməkdaşlıq edərək müəllimlər üçün pulsuz süni intellekt kursu təqdim edib. "ChatGPT Foundations for K-12 Educators" adlanan bu kurs, süni intellektin etik istifadəsi, məlumatların məxfiliyi və əsas texnoloji anlayışları əhatə edir.
"WhatsApp"dan yeni status yeniləməsi!
"WhatsApp" status yeniliklərini davam etdirərək, qrupları etiketləmə funksiyasını test etməyə başlayıb. Yeni xüsusiyyət sayəsində istifadəçilərin hər hansı bir “WhatsApp” qrupunu status paylaşımında etiketləməsi mümkün olacaq. Bu funksiya hazırda Android üçün beta 2.24.24.21 versiyasında az sayda istifadəçiyə təqdim olunub. Xüsusiyyətin rəsmi istifadəyə nə vaxt veriləcəyi isə hələlik bəlli deyil.
"Bluesky" "X"dən qaçanların yeni ünvanına çevrilib
"Bluesky"ın istifadəçi sayı 20 milyonu keçib. "X"dən narazı qalanların köçü ilə istifadəçi bazasını üç dəfə artıran tətbiq "App Store" və "Google Play"də ən çox yüklənən tətbiqlər siyahısında liderlik edir.
Elon Musk "TIME" jurnalının iddialarına cavab verdi
Elon Musk "TIME" jurnalının dekabr buraxılışında dərc olunan və ona aid edilən işlər siyahısının doğru olmadığını bildirib. Musk heç bir media orqanına müsahibə vermədiyini və siyahının onunla əlaqəsi olmadığını vurğulayıb.
Jeff Bezos evsizlərə 110 milyon dollar bağışlayıb
Dünyanın üçüncü ən varlı şəxsi olan Jeff Bezos evsizlərə 110,5 milyon dollar bağışlayıb. Bu böyük məbləğ evsiz ailələrə dəstək olan 40 müxtəlif yardım təşkilatına yönləndiriləcək.