Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Spotify" yeni süni intellekt xüsusiyyətini təqdim etdi
Artıq istifadəçilər süni intellektin dəstəklədiyi pleylist yaratmaq funksiyasından istifadə edərək, öz şəxsi zövqlərinə uyğun pleylistlər yarada biləcəklər. Bu yenilik musiqi dinləmə təcrübəsini daha da fərdiləşdirəcək və istifadəçilərə yeni musiqilər kəşf etməyə imkan yaradacaq.
“Samsung”, “Hyundai” və “Kia” birgə razılığa gəliblər
"Samsung" "Hyundai" və "Kia" arasında bağlanan razılaşma ilə avtomobilin idarəsi artıq "Galaxy" telefonundan edilə bilər. Bu razılaşma sayəsində "Samsung"un "SmartThings" tətbiqi "Hyundai" və "Kia" avtomobillərində mövcud olacaq.
"WhatsApp" artıq bu iPhone modellərində işləməyəcək…
"WhatsApp" 1 oktyabr 2024-cü il tarixindən etibarən bəzi telefon modelləri üçün dəstək təklif etməyəcəyini açıqlayıb. 1-ci nəsil iPhone SE, iPhone 5, 5C, 6 və 6 Plus kimi köhnə nəsil cihazlar yeni proqram yeniləmələri ilə uyğun gəlmədiyi üçün "WhatsApp" dəstəyindən yararlana bilməyəcək.
"Meta" tərəfindən edilən açıqlamaya görə, bu vəziyyət həm Android, həm də iPhone istifadəçilərinə təsir edəcək. "Samsung"un Galaxy Ace Plus, Galaxy Core, Galaxy Express 2 kimi modelləri ilə yanaşı "Huawei"nin Ascend P6 S və Ascend Y625 kimi cihazları "WhatsApp"dan istifadə edə bilməyəcək.
"ChatGPT" "Advanced Voice Mode" funksiyasını təqdim etdi
"OpenAI" "ChatGPT" modelinin çoxdan gözlənilən "Advanced Voice Mode" (AVM) funksiyasını təqdim edib. Yeniləmə ilə birgə beş yeni səs seçimi mövcuddur: "Arbor", "Maple", "Sol", "Spruce" və "Vale". Yeni səs seçimlərinin əlavə edilməsi ilə "ChatGPT" indi ümumilikdə doqquz fərqli səsə malikdir. Qeyd edək ki, bu yeni funksiya hazırda bəzi "ChatGPT Plus" və "Teams" abunəçiləri üçün əlçatandır.
Rəqəmsal Sənəd Dövriyyəsi BMT-nin beynəlxalq mükafatında ölkəmizi təmsil edib
Altsistem beynəlxalq mükafatlandırma mərasimində finalçı olaraq elan edilib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi "SDG Digital GameChangers" mükafatının "Planet – İqlim və Ətraf Mühitimiz Üçün İnnovasiya" kateqoriyası üzrə finala yüksəlib. Bu mükafat, Beynəlxalq Telekommunikasiya İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən birgə təşkil olunan SDG Digital sammiti çərçivəsində təqdim olunur. İştirakçı ölkələr bu sammitdə öz rəqəmsal və innovativ həlləri ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə necə töhfə verə biləcəklərini nümayiş etdirirlər. Müsabiqəyə mövcud 5 kateqoriya üzrə 1186 müraciət təqdim edilib. Hər kateqoriya üzrə 20 layihə finala yüksəlib. Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi Azərbaycandan seçilən yeganə finalçı olaraq ölkəmizi təmsil edib.
Rəqəmsal Sənəd Dövriyyəsi dövlət qurumları arasında sənəd mübadiləsini tam rəqəmsal formada həyata keçirərək kağız istifadəsini minimuma endirir. Bu xüsusiyyət altsistemi digər layihələrdən fərqləndirərək mükafatın finalına yüksəlməsinə səbəb olub.
Xatırladaq ki, Rəqəmsal Sənəd Dövriyyəsi Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il tarixli 2279 nömrəli Fərmanına əsasən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən hazırlanıb və istifadəyə təqdim edilib. Fərmanın icrası çərçivəsində, bu günə qədər dövlət orqanları və tabeli alt qurumlar da daxil olmaqla, altsistemə 1700-dən çox qurum inteqrasiya olunub. Rəqəmsal Sənəd Dövriyyəsi altsistemindən istifadə etməklə, qurumlar arasında baş tutan sənəd mübadiləsi ilə hər ay ümumilikdə 500 mindən çox vərəqə qənaət edilir.