Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Apple" şirkəti "Google Nest Hub"a bənzər ağıllı ev cihazı üzərində işləyir
İddialara görə, "Apple" yeni ağıllı ev cihazı üzərində işləyir. "Home Accessory17.1" adlı ağıllı ev cihazının “Siri” tərəfindən dəstəklənən yeni ağıllı ev köməkçisi ola biləcəyi düşünülür. Bundan əlavə, identifikator adındakı 17.1 kodu yeni iPhone 16 seriyasında iPhone17.1 kimi istifadə ediləcək. Şirkətin eyni identifikator kodundan istifadə etməsi onun ağıllı ev cihazında “A18 Bionic” prosessorundan istifadə edə biləcəyini göstərir.
A18 Bionic prosessoru ağıllı ev cihazına daxil edilərsə, bu cihazın "Apple Intelligence"i dəstəkləyə biləcəyini göstərəcək. Qeyd edək ki, bu xəbərlə bağlı şirkətdən hər hansı bir rəsmi açıqlama verilməyib.
"PS6" nə vaxt çıxacaq?
Sızıntı məlumatlara görə "PS6" 2027-ci ildə təqdim oluna bilər. Bu tarix həm də əvvəlki konsolların orta 7 illik ömrü ilə uyğun gəlir. Qiymətlə bağlı qəti bir şey demək çətin olsa da, onun ən azı 500 dollar qiymət etiketi ilə təklif ediləcəyi gözlənilir.
"Whatsapp" kanalları üçün yeniləmə gəlir
"WhatsApp" hazırda beta versiyada olan bir yeniləmə təqdim edir. Şirkət bu yeniləmə ilə təsdiqlənmiş kanallar və bizneslər üçün yaşıl təsdiq nişanını mavi rəng ilə əvəz etməyi planlaşdırır. Bu yenilik "Meta" platformaları arasında vizual harmoniyanı təmin etmək məqsədi daşıyır.
"Epic Games" bu həftənin pulsuz oyununu açıqlayıb!
"Epic Games Store" hər həftə bir neçə oyunu pulsuz təqdim etməyə davam edir. Belə ki, şirkət 4-11 iyul tarixləri arasında "The Falconeer"i oyunçulara pulsuz edəcəyini açıqlayıb. Hava döyüşlərinə əsaslanan oyun nəhəng döyüş təyyarələri ilə okeanı araşdırmaq imkanı təqdim edir.
"Meta Quest" yeni funksiyasını elan etdi!
Mark Zukerberq "Horizon OS" əməliyyat sisteminin 67-ci versiyasının "Quest" virtual reallıq eynəkləri üçün əlçatan olduğunu açıqlayıb. Zukerberqin verdiyi açıqlamaya görə, yeniləmənin ən diqqət çəkən xüsusiyyəti istifadəçilərə altıya qədər virtual pəncərə ilə işləmək imkanı təqdim etməsidir.