Məsuliyyətli tələbələrin bir çoxu universitet dövründən başlayaraq gələcək iş həyatları ilə bağlı düşüncələrə qərq olurlar: necə iş tapacam? Necə özümü inkişaf etdirim? Necə edim ki, axtarılan işçi, professional mütəxəssis olum? İşimin ən yaxşısı olmaq istəyirəm, bunu necə edim?
Bunların hər biri iş mühitinə atılmaq istəyən, gələcəyini qurmaq istəyən gəncləri maraqlandıran suallardır.
Trilogy.News iş həyatı ilə bağlı qayğılanan hər kəs üçün “Peşənizin professionalı olmaq üçün ən önəmli 6 addım” yazısını təqdim edir.
İş yerində reputasiya haqqında danışarkən peşə konsultantlarının peşəkarlardan ən çox eşitdiyi şeylərdən biri onların mütəxəssis kimi görünmək istəkləridir. İnzibati mütəxəssis, CEO və ya NASA mühəndisi olmağınızdan asılı olmayaraq, işinizdə peşəkarlaşmaq, “professional” adlanmaq qazanmaq üçün səy göstərməli olduğunuz bir statusdur.
Bəs bunu necə bacarmaq olar?
1. Təcrübə
“Outliers” və bir çox kitabın müəllifi olan Malkom Gladvel (Malcolm Gladwell) deyir ki, hər hansı bir işdə ekspert olmaq üçün 10.000 saat təcrübə lazımdır. Bunu əldə etmək isə asan deyil.
Əgər siz həftədə 40 saat işləyirsinizsə və işdə hər saniyənizi təcrübə qazanmaq istədiyiniz xüsusi tapşırığı yerinə yetirməyə sərf edirsinizsə və ildə tam 52 həftə işləyirsinizsə, 10.000 saata çatmaq üçün hələ təxminən 5 il də lazımdır.
Bu heç də elə-belə bir şey deyil. Mütəxəssis olmaq üçün vaxtın əvəzi yoxdur.
Bu vaxtı məhsuldar və sizə lazım olacaq şəkildə keçirmək fədakarlıq, nizam-intizam və diqqət tələb edir. Təəssüf ki, yolun bir nöqtəsində ruhdan düşəcəksiniz. Ruhdan düşmək tamamilə real və normal haldır, praktiki olaraq qaçınılmazdır. Motivasiyasının itdiyini, stimulunun olmadığını anlayan bir çox insan tənbəlliyə və qətiyyətsizliyə təslim olur. Onlar növbəti işə keçirlər və oradan təcrübə əldə etmək prosesi yenidən başlayır.
Mütəxəssis olmaq işi görmək üçün səmimi, həqiqi istək tələb edir. Əgər bir şeyə həvəsli deyilsinizsə, onda mütəxəssis olmaq sizdə tam alınmaya bilər. İşlər çətinləşəndə sizi irəli aparan qətiyyətiniz, məqsədiniz və idealınız olacaq. Həvəsiniz olmasa, bunların heç birinə sahib olmayacaqsınız.
2. Sahənizdəki liderlərlə əlaqə qurun
Şəxsi inkişaf gurusu deyir Cim Ron (Jim Rohn) deyir: "Siz ən çox vaxt keçirdiyiniz 5 insanın ortalamasısınız". Dəhşətli faktdır, deyilmi? Bu 5 nəfərin sizin üçün kim olduğunu düşünün.
Peşəkarlığa doğru gedən yolunuzu sürətləndirmək istəyirsinizsə, icazə verin ki, ətrafınızda sizi yüksəldən insanlar olsun.
Burada söhbət, əlbəttə ki, tanışlıqla işə düzəlməkdən yox, moral olaraq sizi hər zaman daha çoxunu istəməyə təşviq edəcək, məqsədinizə çatmaqda sizi ilhamlandıracaq şəxsləri tapmaqdan gedir.
Peşəkarlıq yoluxucudur. Öz sahənizdə mütəxəssis olan insanlarla vaxt keçirməklə təbii olaraq onların bəzi müdrikliklərini “tutacaqsınız”.
Liderlər və axtardığınız peşəkar nüfuza malik başqa insanlar ilə əlaqə qurun. Şəbəkələşmə (networking) tədbirlərində sizə maraqlı gələ biləcək insanlara yaxınlaşın, tanış olun. Onlarla danışın, suallar verin. Bu mütəxəssislər fikirlərini bölüşəndə, kiminləsə müzakirə aparanda onlara qulaq asın. Onlar işləyərkən müşahidə edin.
3. İş sektorunuzda kiməsə mentorluq edin
Əgər işinizdə müəyyən bir səviyyəyə çatmısınızsa, deməli yeni başlayan insanlara mentorluq edə bilərsiniz.
Heç bir şey biliyi bölüşmək qədər effektiv şəkildə mənimsəməyə kömək etmir. Və inanın ki, mentorluğa ehtiyacı olan bir yığın gənc var. Sahəsində yüksələn bir gənc görəndə, o insanı “qanadınızın altına alın”. Onlarla təcrübələrinizi və biliklərinizi bölüşün.
Eyni zamanda gözlərinizi, qulaqlarınızı və zehninizi açıq saxlayın. Axı mentorluğun ən yaxşı tərəfi odur ki, güclü tərəfdaşlıq olduqda hər iki insan bərabər şəkildə öyrənir.
Mentinizin (mentorluq etdiyiniz şəxs) gənclik təcrübəsizliyi belə sizə çox şey öyrədə bilər, başqa perspektivlərdən baxmağınıza kömək edə bilər. Əlbəttə ki, əgər siz bu şansı dəyərləndirirsinizsə.
4. Fikir lideri olmağa cəhd edin
Peşəkar adamlar heç vaxt status-kvo ilə kifayətlənmirlər. Onlar həmişə peşələrinin növbəti “təkamülünü” axtarırlar, yenilik, inkişaf, yeni çətinliklərin həlləri üzrə götür-qoy edirlər.
Onlar daim yeni texnikalar sınayır, mövcud konsepsiyaları təkmilləşdirir, yeni ideyaları araşdırır və dəyər əlavə edirlər. Professional insanların ən əla vərdişlərindən biri budur ki, onlar həmişə sərhədləri aşmağa və sahələrinin hüdudlarını genişləndirməyə çalışırlar. Mütəxəssislər ön planda olub peşələrinin gələcəyinə yol göstərirlər.
Yəni işlədiyiniz yerdə və sahədə “standart təcrübəni” qəbul etməyin. Lap müdiriniz yeniliyə açıq insan deyilsə belə, bunu özünüzə bəhanə etməyin. Sizdən əvvəlki mütəxəssislər çox sağ olsunlar ki, hazırkı vəziyyəti yaradıblar. Amma bu, kifayət deyil.
Bir mütəxəssis kimi sizin rolunuz sual vermək, meydan oxumaq və yenilik etməkdir. Beyninizi işə salın. Fərqli düşünün. Kəşf edilməmiş ərazidən qorxmayın - ondan zövq alın. Güclü təcrübə cəsarətli macəra hissi tələb edir.
5. Biliyinizi nümayiş etdirin
Əlbəttə, bu punktun mənası “lovğalıq edin” deyil.
İdealları olan peşəkarlar bacarıq və biliklərini nümayiş etdirmək və bölüşməkdən qürur duyurlar. Onlar həmişə ətraflarında olan peşəkar icmaya xidmət etmək istəyirlər.
Mütəxəssis kimi görünmək və ən əsası, mütəxəssis olmaq istəyirsinizsə, hər kəsin faydalanması üçün təcrübənizi ortaya qoyun. İdeyalarınız müzakirələrə səbəb olsun. Başqalarını peşəniz haqqında fərqli düşünməyə ruhlandıran fikir lideri olun.
Bunu necə etmək olar? Yazmaq həmişə nəyəsə başlamağın ilkin mərhələsidir. İşlədiyiniz sektora və ya peşənizə uyğun bir jurnal, sayt, bloq üçün məqalə yazmağı düşünün. Və ya buna bənzər bir bloq açın.
Yaxud elə götürək “LinkedIn, “Twitter”, “Instagram” hesabınızı. Bu platformalardan istifadə edərək ətrafınıza öz kütlənizi yığa və onlarla istədiyiniz məlumatları bölüşə bilərsiniz. Bununla da həm mikrobloqer ola bilər, həm də maraqlı təcrübə yaşaya bilərsiniz.
6. İşlədiyiniz sahənin trendlərini izləyin
Hər sahə dəyişir, bəziləri isə digərlərindən daha sürətlə dəyişir.
Mütəxəssislər bu inkişafda həmişə ön planda olurlar. Onlar yeni tendensiyaları araşdırır və sənayenin hara getdiyini analiz edirlər. Uğurlu peşəkarlar uzaqgörənliyə sahib olurlar və keçmişin sınanmış təcrübələrinə zərbə vuran texnologiya və yeniliklərdən qorxmurlar.
Digərləri tərəqqinin dəyişən dalğaları ilə mübarizə apararkən ekspertlər yeni bilikləri dərindən mənimsəməyə çalışırlar.
Oxumaq trendləri izləmək üçün ən yaxşı vasitədir. Peşəkar jurnallarda, media platformalarında tez-tez yaranan tendensiyaları və onların gələcəyi necə formalaşdırdığını müzakirə edirlər. Sənayenizdə səs-küy yaradan insanların adları ilə tanış olun (bəlkə də, bir düşüncə lideri kimi siz də gələcəkdə onlardan biri olacaqsınız).
Azərbaycanda ola bilər ki, bizim dildə kontent tapmaqda çətinlik çəkirsiniz. Bu halda tərcümələr edən saytları, bloqları araşdırın. Dil bilikləriniz imkan verirsə (ingilis dili bilmək burada sizə çox kömək ola bilər), “Bloomberg”, “Forbes”, “The Finance Times”, yaxud sizin sahənizə uyğun olan ən böyük media platformalarını izləməyə alın.